“Üç süngü, bir güllə” hekayəsi
06.11.2020
Üç erməni diversantını məhv edən Muradov...
Etibar Muradxanlının "Üç süngü, bir güllə” hekayəsini təqdim edirik:
- Muradov!
Gözləyirdi... gözləyirdi və hazır idi. Artıq dördüncü idi, ölümə dördüncü namizəd... Alnından və gicgahlarından puçurlanıb aşağı diyirlənən tər damlaları sinəsinə və çiyinlərinə qonmadan addımını atdı:
- Mən!
- Silah anbarında karaul!
Bu, həmin silah anbarı idi ki, bir ay ərzində onu qoruyan üç əsgər müəmmalı şəkildə şəhadətə yetirilmiş, bir əsgər psixoloji travma almışdı. Əslində bu, heç silah anbarı da deyildi. Heç kimin bilmədiyi, daxilində nəyin olduğundan, nə işlər görüldüyündən heç kimin xəbəri olmadığı, amma son dərəcə əhəmiyyətli, strateji obyekt sayılan bu "anbarın” mühafizəsi kifayət qədər möhkəm təşkil olunmuş, kifayət qədər ciddi qorunurdu. Anbara yaxınlaşmaq üçün təmas xəttindəki səngəri keçmək lazım gəlirdi. Amma səngərdə əsgərlər gecə-gündüz ayıq-sayıq keşik çəkir, düşmənin bütün hərəkətlərini ciddi şəkildə nəzarət altında saxlayır və düşmən diversantının hərəkət edə biləcəyi bütün cığır, bütün yolları tətikdə tuturdu...
Növbənin başlamasına üç saatdan artıq vaxt qalırdı. Bu müddətdə o, xarici görünüşünü qaydaya salmalı, karaulun vəzifələrini təkrarlamalı, qalan vaxtını isə yatıb istirahət etməli idi. Əsgər Muradov karaulun tələblərinə uyğun olaraq bütün hazırlıqları gördü. Amma istirahət etmədi. Onsuz da gözünə yuxu getməyəcəkdi. Son bir ay ərzində silah anbarında karaulda olub sağ qayıdan bir neçə əsgərlə görüşdü. Silah anbarını və onun ətrafını həmin əsgərlərin və öz yaddaşında ilişib qalan məlumatların sayəsində təxəyyülündə canlandırıb cizgisini çəkdi. Taqım komandirinə yaxınlaşıb hər üç hadisənin baş verdiyi şəraiti dəqiqliklə təsvir etməsini xahiş etdi. Sonda həmin obyektdə karaulda olarkən qəfil yuxuya gedən, ayılarkən boğazından ilan sallandığını zənn edib sarsıntı keçirən, sonradan isə boğazından sallananın ilan deyil, ucundan avtomat süngüsü asılmış kəndir olduğu məlum olan əsgərlə görüşdü. Həmin əsgər hələ də hadisəni xatırlayarkən sarsıntı keçirir, yuxuya getdiyi üçün özünü bağışlaya bilmir, alçaldıldığını, ələ salındığını zənn edirdi. Bu rüsvayçılıqdansa şəhid olan digər yoldaşları kimi öldürülməsinin onun üçün daha üstün olduğunu söyləyirdi...
...Üç avtomat süngüsü, bir güllə... Kəndirdən süngü keçirib boyunbağı kimi boğazından asılmış gənc bir əsgər,.. Avtomat süngüsü kürəyindən saplanıb ürəyinə qədər işləyən günahsız bir gənc,.. Qəlbinin şah damarına qədər kəsib keçən avtomat süngüsünü qucaqlayaraq üzü üstə qarın köksünə qısılıb donan yeniyetmə...
"Я здесь, я везде, где бы вы ни были, я там!”- qızdırılmış metalla hər üç süngünün dəstəyinə qara hərflərlə yazılmış bu sözlə düşmən xəbərdarlığını etmişdi: "Mən buradayam, mən hər yerdəyəm, siz haradasınızsa, mən də oradayam!”
Daha kəskin xəbərdarlıq isə 19 yaşlı gəncin başının arxa tərəfindən keçib alnından çıxan və ağappaq qarı al qana boyayan bir avtomat gülləsi ilə edilmişdi. Gənc əsgərin cəsədi isə "Mən buradayam, mən hər yerdəyəm, siz haradasınızsa, mən də oradayam!” təhdidinin sonunda sanki nida işarəsi əvəzinə uzadılmışdı.
’’Haqq gəldi, batil məhv oldu, həqiqətən, batil məhv və yox olmağa məhkumdur” (İsra surəsi, ayə 81) – deyə Muradov avtomatını çiynindən aşırdı. Son təlimatını alıb xidmət yerinə yollandı...
Qar dənəcikləri küləyin qorxunc simfoniyasına dəlicəsinə rəqs edir, zülmətin bağrını ağ boya ilə fırçalayırdı. Fırtınanın amansız şillələrindən təbiətin rəngi qaçmış, sifəti buzla cilalanmışdı. Əsgər Muradovun vücudunu sarmış buz dənəcikləri bir tərpənişi ilə qırçın-qırçın parçalanıb yerə tökülür, an keçmədən əsgər paltarı yenidən buzdan don geyinirdi. Dayanmaq təhlükəliydi. Aramsız olaraq hərəkət etməli, bədəninin hərarətini qoruyub saxlamalı, şaxtaya təslim olmamalıydı. Üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün ilk növbədə özünü qorumalı, sonra da ona əmanət edilmiş silah anbarını mühafizə edə bilməli idi. Amma onu təkcə təbiətin amansız hücumu deyil, hər an qarşısında peyda ola biləcək, digər əsgər yoldaşları kimi kürəyinə saplanacaq, yaxud da alnını dəlib keçəcək düşmən silahının vücudunda hiss etdiyi təması üşüdürdü. Sanki hər an düşmən diversantının ayaq səslərini eşidir, sanki hər an düşmən əsgərinin qoxusunu duyurdu. Karaulu təhvil alan kimi ətrafı diqqətlə nəzərdən keçirmişdi. Silah anbarına yaxınlaşmaq da, oradan uzaqlaşmaq da heç də asan deyildi. Amma düşmən əsgəri buna fürsət tapmış, yaxınlaşmış, ismarışını verib, heç nə olmayıbmış kimi rahatlıqla da çıxıb getmişdi. Keçilməz sədləri, donmuş qayaları düşmən necə adlaya bilmiş, hər an Azərbaycan Əsgərinin nişangahında olan sahələri düşmən haradan, neçə keçə bilmişdi? Əsgər Muradov özünü və ona etibar olunmuş silah anbarını haradan və necə müdafiə etməli idi? "Mən buradayam, mən hər yerdəyəm, siz haradasınızsa, mən də oradayam!” – təhdidi bir an Əsgər Muradovun yaddaşından silinmir, daim beynini qurcalayır, qəlbini sarmış amansız bir mərəz kimi daim ruhunu sıxırdı. Demək hər tərəfdən, hər kəsdən, həttə ondan yüzcə addım aralıda, səngərdə mövqe tutmuş əsgərdən də qorunmalı, heç nəyə və heç kəsə etibar etməməli idi. Əgər düşmən casusu müdafiə mövqelərimizi də adlayıb keçə bilmişsə, demək ismarışında doğruymuş. Demək, onu hər yerdə axtarmaq, demək, onu hər yerdən gözləmək, demək, ondan hər yerdə müdafiə olunmaq lazım gəlirdi...
Şəhid olmuş əsgər yoldaşları bir-bir gözlərinin önündən keçdi. Hər biri də öz parlaq təbəssümləri, öz nurlu və mənalı baxışları ilə yalnız bir ismarış verdi, yalnız bir təvəqqe etdi. Əsgər Muradov yaralarından sızan qan damcılarına məhəl qoymadan təbəssümlə tələbkar gözlərini ona zilləmiş döyüş yoldaşlarının qarşısında farağat durdu. Dilsiz baxışlarını bəbəklərinə zilləmiş döyüş yoldaşlarının tapşırıqlarını yalnız başını qarşılarında xəfifcə endirməklə qəbul etdi. Sızmadan gözündəcə donan göz yaşının acısını qəlbinə axıtdı...
Qaranlıq anbaan qatılaşır, zülmətə çevrilirdi. Şaxta getdikcə kəskinləşir, təbiətin nəfəsi dərilmədən donurdu. Külək dayanmadan coşur, qar dənəcikləri durmadan uçuşurdu. Bütün bu təbiət hadisələrinin bətnindən daha dəhşətli bir vahimə boylanırdı. Axradan, gözlənilmədən peyda olaraq kürəyinə saplanacaq soyuq bir bıçaq, gözünə baxa-baxa aman vermədən alnına millənəcək isti bir güllə, boynunu ani bir tərpənişlə yerindən qoparacaq qoşa pəncə, arxadan ilan kim boynuna sarılıb nəfəsi kəsilənədək boğazını sıxacaq güclü bir əlin xofu ətrafında dolaşır, hər an hücum çəkməyə hazır durmuşdu. Əsgər Muradov bütün bu hücumların təmasını vücudunda hiss edir, özünü dişlərini qıcayaraq hər an üstünə atılmağa hazır durmuş vəhşi heyvanların əhatəsində duyurdu. Ətrafı dörd bir yandan amansız düşmən tərəfindən sarılmış bir cəngavər kimi gözünü belə qırpmadan rəqiblərinin bütün hərəkətlərini nəzarətdə saxlamağa çalışır, təkbaşına müdafiə olunmaq üçün döyüşə hazırlaşırdı...
...İldırım kimi bir parıltı çovğunun bağrından çıxıb əlindəki avtomatı sinəsinə sıxaraq yerindəcə donan əsgərə sarı şütüdü. Əsgər yerindən qopub üzü üstə üstünü qar örtmüş torpağa düşdü. Qardan seçilməmək üçün başdan-ayağa ağ geyinmiş dörd düşmən kəşfiyyatçısı kabus kimi qəfil peyda olaraq kürəyinə avtomat süngüsü sapladıqları əsgərə sarı yeridi...
- Ya Allaaaah,.. – nidası qaranlığın bağrını dəldi. Dayanmadan yağan qar çovğuna çevrilib yenidən ayağa qalxdı. Səsin vəhmindən bir anda geri çevrilən düşmən kəşfiyyatçısı çənəsinin altından fışıltı ilə sürüşüb keçən avtomat süngüsünün buz kimi hərarətini qəlbiylə duydu. Sinəsindən aldığı təpik zərbindən yerindən yuvarlanan ikinci casus gözünü açanda yoldaşını havada fırlanıb yerə düşən gördü. Əsgər Muradov süngüsünü zərblə çiynindən aşırdığı düşmən əsgərinin sinəsinə endirdi. Dərhal da çəkib çıxardı. Üstünə sıçrayan ikinci düşmən əsgərinin aşağıdan-yuxarı bağrına soxdu. Qanı sifətinə axan gözlənilməyən qonağın cəsədini itələyib üstündən kənara atdı. Sıçrayıb yerindən qalxınca aldığı təpik zərbindən qarın içinə yuvarlanandan sonra fürsət tapıb ayağa qalxan düşmən casusuyla göz-gözə qaldı. Diversant hər iki əlində tutduğu avtomat süngülərini havada fırlamaqla əsgər Muradovun üstünə yeridi. Muradov ani olaraq geri çəkildi. Müdafiə mövqeyi tutaraq döyüşə hazır durdu. Diversantın hər iki tərəfdən endirmək istədiyi qəfil zərbələri qoşa əlləri ilə cəld geri çevirərək başını qamarladı və bütün qüvvəsini toplayıb üstünə sıçradı. Başından tutub özünə tərəf çəkdiyi sifətinə dizi ilə güclü bir zərbə endirdi. Düşmən əsgəri huşsuz halda arxası üstə qarın üzərinə düşdü. Əsgər Muradov cəld bir hərəkətlə diversantı üzü üstə çevirdi. Casusun öz belindəncə çəkib çıxardığı kəmərlə əllərini arxasında bağladı. Alnının tərini buz bağlamış biləklərinin arxası ilə silib ayağa qalxdı. Yanğın söndürmək üçün qum doldurulmuş yeşikdən qopardığı taxtalardan düzəltdiyi əsgər maketinin yanına gəldi. Dartıb maketin kürəyinə sancılmış avtomat süngüsünü çıxardı. Şinelini soyundurub tələsik tərdən islanmış əyninə geyindi, papağını başına qoydu. Avtomatını çiyninə alıb qərargaha məlumat vermək üçün qəti addımlarla telefon köşkünə tərəf yeridi...
Yarım saatdan sonra silah anbarına yaxınlaşan hərbi maşın üç cəsəd və zabit olan bir əsirlə qərargaha qayıtdı.