ATƏT ABŞ-dakı seçkidən şübhəlidir?
05.11.2020
ABŞ-da keçirilən prezident seçkiləri COVID-19 pandemiyasının yaratdığı problemlərə baxmayaraq, ümumən yaxşı və güclü rəqabət şəraitində keçib.
ABŞ-da prezident seçkilərini müşahidəsini birgə həyata keçirən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) və ATƏT Parlament Assambleyası (ATƏT PA) belə qənaətə gəlib.
Lakin hesabatda qeyd olunur ki, bu seçkilərdə hüquqi qeyri-müəyyənlik və xalqın etimadının sarsılmasına yönəlmiş cəhdlər qeydə alınıb, xüsusilə seçki kampaniyası sistemli saxtakarlıqlarla bağlı əsassız iddialar və debatlara kölgə salan dərin siyasi qütbləşmə ilə səciyyələnib.
ATƏT-in qısamüddətli müşahidəçilər missiyasının rəhbəri və xüsusi koordinatoru Maykl Corc Link hesab edir ki, Donald Trampın sistemli çatışmazlıqlar barədə iddiaları xalqın demokratik qurumlara olan inamına zərər verir.
Hesabatda, həmçinin qeyd olunur ki, pandemiya şəraitində səsvermə prosedurlarını tənzimləmək üçün dövlət səviyyəsində səylərə baxmayaraq, çatışmazlıqlar da müşahidə olunub. Əsasən, respublikaçılar prosesin nizamlanmasına mane olmağa cəhd göstəriblər. Seçkinin pozulmaması üçün görülən tədbirlər bəzi hallarda, seçiciləri çaşdıran məhkəmə proseslərinə səbəb olub ki, bu da seçki idarəsinin işinə mənfi təsir göstərib.
Xatırladaq ki, seçkilərə bir neçə ay qalmış səsvermə proseslərilə bağlı görünməmiş məhkəmə çəkişməsi olmuş, 44 əyalətdə 400-dən çox iddia qaldırıldmışdı. Hələ də davam edən bu məhkəmə çəkişmələrindən qaynaqlanan qeyri-müəyyənliklər əksər seçicilər və seçki administrasiyası məmurlarına problemlər yaratmışdı.
Hesabatda vurğulanır ki, təqribən 5.2 milyon vətəndaş barələrində çıxarılmış cinayət hökmü səbəbindən səsvermə hüququndan məhrum olub. Baxmayaraq ki, onların təxminən yarısı artıq cəzalarını çəkiblər. Bundan başqa, bəzi yoxsul və etnik azlıqlardan olan seçicilərin şəxsiyyətinin müəyyənləşdirilməsi tələbləri onların səs verməsinə əngəllər yaradıb. Bu məhdudiyyətlər ümumi səsvermə prinsipinə ziddir.
Hesabatda seçki kampaniyasının maliyyələşdirməsi ilə bağlı narahatlıqlardan da bəhs olunur. Göstərilir ki, bu prosedur federal səviyyədə tənzimlənsə də, şəffaflıq tam təmin olunmayıb. Ümumilikdə seçkilərdə xərclənən vəsaitin 14 milyard dollara çatacağı təxmin edilir.
Seçicilərin məlumatlandırılması, səsvermə prosesilə bağlı informasiyanın azad yayılmasının təmin olunması məsələsinə gəlincə, hesabatda seçki öncəsi söz azadlığına hörmət müşahidə edildiyi bildirilir.
Qeyd edək ki, ABŞ-da prezident seçkilərini 39 ölkədən 102 müşahidəçi, DTİHB-in 50 eksperti və ATƏT PA-nın 52 millət vəkili müşahidə edir.