Türkiyədən Azərbaycana tibbi avadanlıq yardımı
04.11.2020
Türkiyənin "Helba İlaç İç ve Dış Sanayi Ticaret A.Ş.” şirkəti Azərbaycana dərman və tibbi vasitələrdən ibarət humanitar yardım göndərib
Azərbaycan Silahlı Qüvvələri ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Dağlıq Qarabağı erməni işğalından azad etmək və Vətənimizin ərazi bütövlüyünü təmin etmək məqsədilə artıq bir aydır ki, uğurlu əks hücum əməliyyatları həyata keçirir.
TƏBİB-dən verilən xəbərə görə, bu haqlı mübarizədə iştirak etmək hər bir əsgərimizin vəzifə borcu olduğu qədər, həm ölkəmizin daxilində, həm də xaricində yaşayan hər bir azərbaycanlının da şərəf borcudur: "Təsadüfi deyil ki, hər bir vətəndaş əlindən gəldiyi qədər maddi və mənəvi dəstək göstərməklə Vətənə olan sədaqət borcunu ödəməyə çalışır. Türkiyənin əczaçılıq bazarının öncül şirkətlərindən biri olan Helba İlaç İç ve Dış Sanayi Ticaret A.Ş. də müharibənin ilk günlərindən ordumuza dəstək göstərib. Həmyerlimiz Vəfadar Həsənovun rəhbərlik etdiyi şirkət ordumuzun əsas ehtiyacları ola biləcək dərman vasitələri və tibbi vasitələrdən ibarət humanitar yardımın Azərbaycana göndərilməsini təmin edib. Bu yardımın Azərbaycana çatdırılması və ordumuza təslim edilməsi Heydər Əliyev Fondunun rəhbərliyi ilə TƏBİB tərəfindən həyata keçirilib. Bu Vətən müharibəsində birlik və həmrəylik göstərən hər bir həmyerlimizə sonsuz təşəkkür və minnətdarlığımızı bildiririk. #Bizbirlikdəgüclüyük”.