İkinci Qarabağ müharibəsinin 39-cu gününü yaşayırıq. Bu müddət ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan ordusuna vurduğu maddi ziyanın həcmi 3 milyard dollardan artıqdır. Nəzərə alsaq ki, düşmən döyüşlərdə artıq 8 ədəd C-300 zenit-raket kompleksini (ZRK) itirib və onlardan birinin qiyməti 115-160 milyon dollar civarındadır, zənnimizcə, mənzərə tam aydın olar.
Ermənistanın maliyyə naziri Cancuqazyan bir neçə gün öncə bəyan etdi ki, müharibənin hər günü Ermənistan iqtisadiyyatı üçün 30 milyon dollara başa gəlir. Onun hesablamalarına görə, Ermənistan iqtisadiyyatına bu 39 gün ərzində 1 milyard 170 milyon dollar zərər dəyib. Erməni nazir itkilərinin miqyasını süni şəkildə kiçiltməyə can atsa da, yuxarıda qeyd etdiyimiz təkcə C-300 ZRK ilə bağlı Ermənistanın üzləşdiyi itkilərin məbləğinin 920-1280 milyon dollar civarında olduğu danılmaz həqiqətdir. Vəziyyətin belə davam etməsinə Ermənistan iqtisadiyyatı tab gətirə biləcəkmi? Cavab birmənalıdır: əsla! Ermənistan iqtisadiyyatının müharibəyə qədərki vəziyyətinin təhlili bu nəticəyə gəlməyə əsas verir.
Əvvəla, Ermənistanın 2020-ci il hərbi büdcəsi 634 milyon dollardır. Müharibənin 39-cu günündə artıq işğalçı dövlətin təkcə hərbi itkilərinin həcmi (3 milyard dollardan artıq) hərbi büdcədən ən azı 4,7 dəfə çoxdur.
İkincisi, 2020-ci ilin birinci yarısında Ermənistan iqtisadiyyatının onsuz da ağır olan vəziyyəti daha dramatik hal alıb. Belə ki, həmin dövr ərzində xəzinəyə vergi daxilolmaları 50% aşağı düşüb. İlin sonunadək ölkədə büdcə kəsiri ən optimist proqnozlara görə, 1 milyard dollar təşkil edəcək.
Üçüncüsü, 2020-ci ilin iyul ayında Ermənistanın xarici dövlət borcu tarixinin rekord həddinə - 8 milyard dollara çatıb. Bu reallıq fonunda Ermənistanın strateji valyuta ehtiyatları sonuncu dəfə qeydə alınmış 2,6 milyard dollardan 1,5 milyard dollara enib. Lap yaxın günlərdə həndəsi silsilə ilə artan hərbi xərclərin bu "valyuta”nı tam "yeyəcəyi” aksiom kimi qəbul olunur.
Dördüncüsü, "Fitch” Beynəlxalq Reytinq Agentliyi Ermənistanın uzunmüddətli reytinqini aşağı salmışdır və proqnoz vermişdir ki, bu ilin sonuna ölkəni defolt gözləyir.
Nəhayət, pandemiya Ermənistan iqtisadiyyatının çöküşü prosesinin katalizatoru kimi çıxış edir. Kiçik və orta biznes məhv olmaq mərhələsini yaşayır. Sahibkarlıq subyektləri iflasa uğrayıb. Yoxsulluq və işsizlik dözülməz hal alıbdır. Ən əsası insanlar "məğlubiyyət sindromu”nun təsiri altında sabahkı günə inamlarını tam itiriblər. Müharibədə biabırçı məğlubiyyət yaşayan, pandemiyanın cənginə aldığı bu lənətlənmiş ölkəyə heç bir xarici investorun bir sent belə sərmayə qoymayacağı gün kimi aydın həqiqətdir. Erməni lobbi və diasporunun isə məğlub Paşinyan rejimindən üz çevirəcəkləri və deməli, xarici ianələrin artıq Ermənistanın boş xəzinəsinə axmayacağı başqa bir həqiqətdir.
Bütün bu reallıqlar fonunda Prezident İlham Əliyevin oktyabrın 28-də Rusiyanın "İnterfaks” agentliyinə verdiyi geniş və olduqca məzmunlu müsahibəsində səsləndirdiyi fikirlər Ermənistanın siyasi-hərbi rəhbərliyi üçün ciddi siqnal və dərs olmalıdır: "Ermənistan başa düşməlidir ki, o, artıq yolun kənarındadır. Artıq ondan ötrü heç kim vuruşmayacaq. Bəs sonra? Əgər o, bizimlə qarşıdurmaya davam edərsə, əgər bundan sonra da Türkiyəyə ərazi iddiaları irəli sürərsə, başa düşməlidir ki, bizim qarşımızda necə dura bilər. Lakin biz qarşıdurma istəmirik, biz sülh istəyirik, onların bizə və xalqımıza gətirdiyi bütün ağrı-acılara və faciələrə baxmayaraq. Buna görə də düşünürəm ki, geosiyasi reallıqlar müsbət istiqamətdə inkişaf etməlidir. Hər halda, biz öz tərəfimizdən hər şeyi edəcəyik ki, bu, belə olsun”.