Dubayın ekoloji şəhərciyində pilotsuz nəqliyyat işləyəcək
23.01.2018
Dubayın Yollar və Nəqliyyat İdarəsi Əmirlikdə "Sustainable City” ekoloji şəhərciyinin salınması layihəsi çərçivəsində «Diamond Developers» şirkəti ilə pilotsuz nəqliyyat vasitələrinin işə salınması haqqında müqavilə imzalayıb.
Bu təşəbbüs ictimai nəqliyyat xidmətlərinin 25 faizinin 2030-cu ilə kimi avtonom vasitələrə keçirilməsi üzrə hökumət strategiyasını dəstəkləyir. Qarşılıqlı anlaşma haqqında Memorandum "ağıllı” nəqliyyatın tətbiqi üzrə öz strateji hədəflərini reallaşdırmaq üçün Dubay Yollar və Nəqliyyat İdarəsinin dövlət və özəl sektorlar arasında tərəfdaşlıq münasibətlərində iştirak etmək öhdəliyini təsdiq edir.
"Sustainable City” şəhərciyinin 354 milyon dollara başa gələn tikintisinə 2013-cü ildə başlanılıb. Havanın çirklənməsinin və küyün səviyyəsini azaltmaq üçün şəhərcikdə 2,5 min ağacdan ibarət yaşıl zona salınıb.
Layihənin artıq başa çatan birinci mərhələsi 500 villanı, bioloji günbəz altında yerləşən 11 istixananı, 3 min kvadratmetr ərazidə şəhər tipli fermaları və 15 min kvadratmetr ərazidə qarışıq istifadə zonasını ehtiva edir.
Layihənin ikinci hissəsi Yaxın Şərqdə "HotelIndigo” adlanan ilk ekoloji təmiz otelin, habelə ekoloji baxımdan təmiz məktəb binasının və dünyada karbon tullantısı sıfıra bərabər olan ilk binanın - innovasiya mərkəzinin tikintisini nəzərdə tutur.