XİN Xameneinin açıqlamasını yüksək qiymətləndirdi
04.11.2020
Azərbaycan Xarici İşlər Nazirliyi İranın Ali dini lideri Ayətullah Seyyid Əli Xameneinin açıqlamasına münasibət bildirib.
XİN-dən daxil olan məlumatda qeyd olunur: "İranın Ali rəhbəri Ayətullah Seyyid Əli Xamenei tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı verilən açıqlamanı və Azərbaycanın ərazi bütövlüyünə verilən dəstəyi yüksək qiymətləndiririk. Azərbaycanın Ermənistanın tərəfindən işğal olunmuş ərazilərinin hamısı azad olunmalıdır və bütün bu ərazilər Azərbaycana qaytarılmalıdır, deyən Ali Rəhbər Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə İranın qəti dəstəyini növbəti dəfə bəyan edib.
Dost İran dövlətinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində səylərini, o cümlədən İran Prezidentinin xüsusi elçisi, Xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçi bölgəyə səfəri və münaqişənin tezliklə həllinə dair təşəbbüslə çıxış etməsini yüksək dəyərləndiririk.