Bir həftə əvvəl yayılan siyahını ermənilər indi təsdiqlədi
02.11.2020
Bir neçə saat əvvəl Ermənistan Qarabağda gedən döyüşlərdə məhv edilən hərbçiləri ilə bağlı daha bir siyahı açıqlayıb. Düşmənin açıqladığı 11 nəfərlik siyahıda yüksək rütbəli zabitlərin də adına rast gəlmək mümkündür.
Qondarma rejimin "müdafiə naziri"nin müavini, polkovnik Artur Sarkisyanın, 18-ci motoatıcı diviziyasının qərargah rəisi polkovnik Sergey Şakaryanın da adı həmin siyahıya daxil edilib. Bu o Şakaryandır ki, oktyabrın 4-də ona milli qəhrəman titulu verilmişdi.
Məsələ burasındadır ki, adıçəkilən yüksək rütbəli erməni hərbçilərin məhv edilməsi dünən və ya bu gün baş verməyib. İş burasındadır ki, Ermənistan itkilərini bir həftə sonra açıqlayır.
Belə ki, Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 29-da düşmənin 1-ci ümumqoşun ordusu komandanın müavini polkovnik Artur Sarqisyanın məhv edildiyini açıqlamışdı. A.Sarkisyan həmçinin, bir neçə gün əvvəl məhv edilən separatçıların "müdafiə naziri" Cəlal Arutyunyanın müavinidir. Ermənistan isə Artur Sarqisyanın öldüyünü bu gün, Azərbaycan açıqlayandan 5 gün sonra elan edib.
Sergey Şakaryana gəldikdə isə, onun məhv edilməsi ilə bağlı xəbəri Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 27-də açıqlamışdı. Oktyabrın 26-da məhv edilən Şakaryanın öldüyünü Ermənistan bir həftə sonra, bu gün açıqladı.
Beləliklə, təkcə rəsmi açıqlanan adları müqayisə edəndə məlum olur ki, Ermənistan hakimiyyəti öz xalqını aldadır. Bu gün Araik Arutyunyanla Cəlal Arutyunyanın öldüyünü təsdiq etməyən Ermənistanın görünür ənənəyə uyğun olaraq bir həftə vaxtı var. Ermənistan itkilərini günlər keçəndən sonra elan edir. Bununla da cəmiyyətdəki xaosun kütləvi etirazlara çevrilməsinin qarşısını almağa çalışır. Ermənistan Azərbaycan tərəfdə olan meyitlərinə də sahib çıxmır. Azərbaycan hökümətinin Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə dəfələrlə etdiyi müraciətə baxmayaraq, Ermənistan öz vətəndaşlarının meyitlərinə sahib çıxmır. Paşinyan düşünür ki, minlərlə itkini cəmiyyətə açıqlasa, bununla da hakimiyyəti sona çatacaq.