“Facebook” kriptovalyuta reklamlarına icazə verdi
28.06.2018
"Facebook" özünün reklam siyasətinə yenidən baxaraq kriptovalyutalarla bağlı elanlar yerləşdirmək qadağasından imtina edib.
"Dövran Media" xəbər verir ki, bu barədə şirkətin məhsulların idarə edilməsi üzrə direktoru Rob Lezern açıqlama verib.
R. Lezern bildirib ki, onlar yanvarda elan etdikləri yeni reklam siyasəti ilə bağlı müəyyən iş və araşdırma apararaq iyunun 26-dan sosial şəbəkədə kriptovalyutaları reklam edən elanların və onunla bağlı kontentin yerləşdirilməsinə icazə vermək qərarına gəliblər. Lakin bu cür elanlar yalnız qabaqcadan reklam üçün icazə almış reklamverənlərdən qəbul olunacaq. Binar opsiyonlar və İCO (birjada ilkin yerləşdirmə) ilə bağlı elanlar yenə qəbul edilməyəcək. "Facebook"da kriptovalyutaları reklam etmək istəyən reklamverənlər əvvəlcədən müvafiq müraciət təqdim etməlidir. Sosial şəbəkə bu müraciətləri araşdırdıqdan sonra müvafiq qərar verəcək.
Qeyd edək ki, "Facebook" yanvar ayında kriptovalyuta, binar opsiyonlar və kriptovalyutaların ilkin yerləşdirilməsi (İCO) barədə reklamları qadağan etdiyini açıqlamışdı.