Türkiyə İdlibdə yeni baza açır
23.10.2020
Türkiyə Silahlı Qüvvələri qarşıdurmalara mane olmaq və təhlükəsizliyi artırmaq üçün İdlibə əlavə qoşun göndərib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, əvvəlcə tank, zirehli texnika və silah-sursatla yüklü 60 avtomobildən ibarət konvoy bölgəyə göndərilib. Bundan bir neçə gün sonra isə tank və toplardan ibarət 15 avtomobillik konvoy İdlibə yola düşüb.
Türkiyə ordusunun İdlibdə əlavə olaraq 2 nöqtədə müşahidə məntəqəsi qurduğu deyilir. Bunlardan biri Cəbəl əl Zəviyə dağında, digəri isə Qavkafin kəndi ərazisindəki yüksəkliklərdə yaradılıb. Bununla Türkiyə Silahlı Qüvvələrinin bölgədəki müşahidə məntəqəsinin sayı 69-a çatıb.
Bundan başqa, Türkiyə ordusu İdlibin cənubundakı Cəbəl əl Ərbəin bölgəsində hərbi baza yaratmağı planlaşdırır. Artıq məsələ ilə bağlı işlərin başladıldığı bildirilir.