Fransa televiziya kanalı cəbhədən reportaj yayımlayıb
23.10.2020
Fransanın TF1 televiziya kanalında Dağlıq Qarabağdan cəbhə xəttindən yayımlanan eksklüziv reportajda Azərbaycandakı vəziyyət, ordumuzun şücaəti, erməni silahlı qüvvələrinin mülki insanları və infrastrukturu hədəfə alması, Gəncənin yaşayış massivini bombardıman etməsindən bəhs edilib.
TF1 televiziya kanalının jurnalisti Liseron Budul cəbhə xəttində olub və əsgərlərimiz ona ermənilərin silah və sursatlarını qoyub qaçdığını söyləyiblər. Azərbaycan ordusunun sona qədər gedəcəyini və torpaqlarımızın hər qarışını azad edəcəyini vurğulayıblar.
Reportajda əllərində Azərbaycan və Türkiyə bayrağı olan insanların, gənclərin, uşaqların "Qarabağ, Qarabağ” deyərək, bayram əhval ruhiyyəsində olduğu əks olunub.
Jurnalist yeraltı təbii ehtiyatlarla zəngin olan ölkəmizin güclü ordusu olduğunu vurğulayıb.
Reportajda cəbhə xəttinə yaxın yerlərdə insanların gündəlik həyatının çətin olduğu, onların erməni silahlı qüvvələri tərəfindən atəşə tutulduğu göstərilib. Qadın və uşaqların yeraltı xəndəklərdə sığınacaq tapdığı diqqətə çatdırılıb.
Mülki əhalinin evlərinin, mal-qarasının məhv edildiyi göstərilib. Ölənlər və yaralananlardan danışılıb. Ermənilərin dinc əhalini fasiləsiz atəşə tutduğu bildirilib.
Jurnalist Ermənistandan birbaşa Gəncənin mərkəzində yaşayış massivinin iki raketlə bombalanmasından danışaraq, dağılmış evləri göstərib. Erməni bombardımanı nəticəsində uşaq və qadın olmaqla 15 nəfərin həlak olduğunu və 50-dən çox dinc sakinin yaralandığını vurğulayıb.
TF1 televiziya kanalında Azərbaycanla bağlı yayımlanan 3 dəqiqəlik reportaj erməni lobbisinə böyük zərbə olub. Erməni lobbisinin üzvləri sosial şəbəkələrdə TF1 televiziya kanalı haqqında təhqiramiz fikirlər, hədələr səsləndiriblər. TF1 kanalının reportajı erməni lobbisinin yaydığı məlumatların saxta olduğunu bir daha üzə çıxardıb.