Deputatların Ankara səfəri başladı
20.10.2020
"DM Media" xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) rəhbərliyinin xüsusi göstərişi əsasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin YAP-ın Ədalət və İnkişaf Partiyası (AK Parti) ilə əlaqələrin gücləndirilməsinə töhfə vermək və əlaqələri möhkəmləndirib inkişaf etdirmək məqsədi ilə həyata keçirtdiyi əməkdaşlıq münasibətlərini müzakirə etmək üçün AK Partinin rəsmi
dəvəti əsasında Ankaraya səfəri başlamışdır.
Səfər çərçivəsində Ramil Həsən ilə birlikdə YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov da iştirak etməkdədir. Səfər çərçivəsində heyətin çoxtərəfli və yüksək səviyyəli görüşləri nəzərdə tutulmuşdur. İki qardaş ölkənin dövlət başçılarının, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəp Tayyip Ərdoğanın sədrlik etdiyi partiyaların arasındakı münasibətlərin strateji səviyyəyə çıxarılması, ölkələrimiz və dövlət başçılarımız arasında var olan dostluq və qardaşlıq münasibətlərinin partiyalarımız arasında da müxtəlif sferaları və səviyyələri əhatə edəcək dərəcədə genişləndirilməsi, əlaqələrin gücləndirilərək ölkə xaricində və daxilində milli maraqlarımıza və
partiyalarımızın məqsəd və məramlarına xidmət edəcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilib birgə addımlar atılması, həmçinin partiyalarımız arasında bundan sonrakı mərhələdə baş tutması gözlənilən daha yüksək səviyyəli partiya rəhbərliklərinin iştirakı ilə baş tutacaq qarşılıqlı səfər ziyarətləri proqramlarının hazırlanması və bu proqramların birində iki qardaş dövlətin iki hakim partiyasının ortaq maraq və məqsədlərinə, dövlətlərimizin strateji əməkdaşlığına xidmət edəcək birgə bəyannamənin və ortaq əməkdaşlıq sazişinin imzalanması ilə bağlı hazırlıq mərhələsini özündə ehtiva edən bir səfər proqramı olaraq nəzərdə tutulmuşdur.
Səfər çərçivəsində, eyni zamanda, Milli Məclisin deputatı, YAP-ın AK Parti üzrə əlaqələndiricisi Ramil Həsənin AK Parti Sədrinin birinci müavini Numan Kurtulmuş, AK Partinin Baş Katibi Fatih Şahin, AK Partinin Xarici Əlaqələr şöbəsinin rəhbəri Cevdet Yılmaz, AK Parti Gənclər Birliyinin Sədri Ahmet Büyükgümüş, Türkiyə Respublikasının Xarici İşlər Nazirinin müavini Yavuz Selim Kıran, həmçinin AK Partinin Türkiyə Böyük Millət Məclisindəki (TBMM) fraksiyasının sədri Cahit Özkan və eyni zamanda Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun Türkiyə tərəfindən olan sədri Şamil Ayrım və dostluq qrupunun üzvləri ilə görüşləri nəzərdə tutulmuşdur. Bu görüşlər çərçivəsində, Ramil Həsən Qarabağda baş verən hadisələr, Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycan dövlət başçısı cənab İlham Əliyevin Ali Baş komandan olaraq uğurla həyata keçirtdiyi əks hücum əməliyyatları, dövlətimizin ərazi bütövlüyünün bərpası ilə bağlı ölkə daxilində və ölkə xaricində həyata keçirilən konkret və uğurlu addımlar və bu istiqamətdə Azərbaycan-Türkiyə dostluğu, birgə həmrəylik fəaliyyəti ilə bağlı da görüş iştirakçılarına qısa brifinqlər verəcək, eyni zamanda suallar cavablandırılacaqdır. Səfər çərçivəsində, eyni zamanda, Türkiyə Respublikasının mətbuat və media nümayəndələri ilə görüş nəzərdə tutulmuşdur. Bu görüş çərçivəsində həm səfərin mahiyyəti, həm də əsas məqsəd və məramımız olan Qarabağ problemi, ölkəmizin ermənistan işğalçılarına qarşı apardığı müzəffər Azərbaycan ordusunun uğurlu əməliyyatları ilə bağlı daha geniş məlumatların verilməsi, dövlətimizin müvafiq siyasətinə və milli maraqlarına xidmət edən addımlarla bağlı Türkiyə ictimaiyyətini geniş şəkildə əlavə olaraq məlumatlandırılması da nəzərdə tutulmuşdur.