500 meyit kisəsi - düşmən meyitlərinin sayı-hesabı yoxdur
20.10.2020
Azərbaycan Ordusu 27 sentyabr tarixindən etibarən düşmən təxribatının qarşısını almaq, qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək, Qarabağ və işğal olunmuş ərazilərimizi azad etmək uğrunda cavab tədbirləri görməyə başlayıb.
Azərbaycanın Milli Ordusu şəxsi heyət və tank bölmələri, raket-artilleriya qoşunları, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə düşmənə ağır zərbələr endirir. Ermənistanın Müdafiə Nazirliyinin təsdiqlədiyi rəqəmlərə görə, bu günə kimi düşmən aralarında yüksəkçinli zabit və gizir olmaqla, 729 hərbçisini itirib. Reallıqda bu rəqəm ermənilərin təqdim etdiyindən dəfələrlə çoxdur.
Bunu sübut edəcək kifayət qədər faktlar mövcuddur. İşğal altındakı Xankəndi və Şuşada yaşayan erməni hərbçi və digərlərinin Rusiya KİV-nə verdiyi müsahibələr onu deməyə əsas verir ki, düşmən minlərlə hərbçisini itirib. Ermənistanda səfərbərliyin elan olunması, orduya yaşlı, ahıl şəxslərin cəlb edilməsi, hətta qadınların belə ordu sıralarına daxil edilməsi Ermənistanın işğalçı ordusunun fiaskosundan xəbər verir.
Ermənistan tərəfinin Qarabağda təqdim ediləndən daha çox itki verməsini təsdiq edəcək daha bir sübut ortaya çıxıb. Belə ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi Ermənistana Dağlıq Qarabağda ölən hərbçilər üçün 1500 patoloji kisə (meyit kisəsi) təqdim edib. Bu kisələr vasitəsilə ölən erməni hərbçilərin meyitləri cəbhənin müxtəlif istiqamətlərində toplanaraq oradan çıxarılacaq.
Erməni tərəfinə 1500 meyit kisəsinin təqdim olunması əslində işğalçı ordunun minlərlə itki verməsini təsdiqləyir və real rəqəmlərin Ermənistan ictimaiyyətində qorxu yaratmaması üçün gizlədilməsini ortaya qoyur.