“AŞPA-nın sanksiyaları keçmişdə qalmış məsələdir”
27.06.2018
Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın ona qarşı sanksiya tətbiq etməsinə baxmayaraq, qurumun vitse-prezident seçilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
S. Seyidov bildirib ki, sanksiyalar yalnız bir neçə nəfər və komitə tərəfindən qoyulub.
"Bu sessiyada sanksiyaların nə qədər əhəmiyyətsiz olduğu göründü. AŞPA-da vitse-prezident seçilmək özü özlüyündə böyük addımdır. Bildiyiniz kimi, seçilmə rotasiya qaydasında keçirilir. Burada qayda belədir ki, buna etiraz edə bilərdilər. Ancaq bir nəfər belə qalxıb etiraz etmədi. Onlar özləri də bilirlər ki, mən 18 illik fəaliyyətim boyunca həm Avropa Şurasının dəyərlərini, həm Azərbaycanın maraqlarını müdafiə etmişəm”, - deyə S. Seyidov bildirib
S. Seyidov qeyd edib ki, AŞPA sanksiyaları artıq keçmişdə qalmış məsələdir: "Fəaliyyətimizi görürsünüz, nümayəndə heyətimiz çıxış da edir, siyasi partiyalarda vitse-prezidentlərimiz də var. Elşad Həsənov hüquq məsələləri üzrə məruzəçi kimi növbəti sessiyada çıxış edəcək. Azərbaycanı istəməyən qüvvələr çox çalışırlar, fəaliyyətdədirlər. Ancaq həqiqət öz yerini tutur. Nümayəndə heyətinin rəhbəri kimi biz bu sessiyada Azərbaycanın mövqeyini çox yüksək səviyyədə müdafiə edə bildim”.