Təhsil naziri suallara aydınlıq gətirib
16.10.2020
Oktyabrın 16-da Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilib.
Brifinqdə iştirak edən Təhsil naziri Emin Əmrullayev erməni təcavüzü nəticəsində zərər dəymiş təhsil müəssisələri, həlak olan və yaralanan məktəblilər barədə danışıb. Təhsil naziri bildirib ki, bu səbəbdən cəbhə bölgəsində yerləşən 1221 təhsil müəssisəsinin dərs cədvəllərində dəyişiklik edilib. Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində 3 şagird həlak olub, 15 şagird xəsarət alıb, eləcə də 40-dək təhsil müəssisəsi müxtəlif dağıntılara məruz qalıb. Nazir Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qələbəsinə və bu günün uzaqda olmadığına inamını ifadə edib.
Emin Əmrullayev koronavirusla bağlı məktəblərdə vəziyyətə toxunub və nazirlik tərəfindən gündəlik olaraq ictimaiyyətə məlumat verildiyini bir daha xatırladıb. Təhsil müəssisələrinin kontingentinin çoxsaylı olması və bunun nəticəsində yoluxma ehtimalının arta biləcəyini deyən Təhsil naziri qeyd edib ki, buna görə də Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, oktyabrın 19-dan noyabrın 2-dək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub. Qərara əsasən, qeyd edilən dövr ərzində ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin fəaliyyəti tamamilə dayandırılır.
Daha sonra çıxış edən TƏBİB-in departament direktoru Yaqut Qarayeva ölkədə koronavirusa yoluxma barədə məlumat verib və bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, müəyyən addımlar atılır, lokal qapanmalar həyata keçirilir.