Şirkət Türkiyədə neft axtaracaq
27.06.2018
Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin Neft İşləri İdarəsinin "Resmi Gazete”də yaydığı məlumatda deyilir ki, ABŞ şirkəti Türkiyədə neft axtaracaq.
Bildirilir ki, mərkəzi ofisi ABŞ-da yerləşən "Aladdin Middle East Ltd.” şirkətinin Türkiyənin Siirt vilayətində neft axtarışına dair müraciəti təsdiqlənib və şirkətə 5 illik lisenziya verilib. Şirkət 30 min 548 hektar olan sahədə neft axtarışına dair lisenziya almaq üçün 2017-ci il avqustun 4-də müraciət edib.
"Aladdin Petroleum Corporation” adı altında 1926-ci ildə Kansas ştatında qurulan şirkət Kansas və ABŞ-ın müxtəlif yerlərində böyük neft yataqlarının işlənməsində iştirak edib. Şirkət Karib adaları, Cənubi Avstraliya sahilləri, Qərbi Afrika və Yaxın Şərqdə fəaliyyət göstərib. Onun törəməsi "Aladdin Middle East Ltd.” isə neft-qaz axtarış və istehsal şirkəti kimi 1961-ci ildə qurulub və Türkiyənin neft-qaz ehtiyatlarının axtarılması və işlənməsinə fokuslanıb. Şirkətin inzibati mərkəzi Kansas, əməliyyat mərkəzi isə Ankaradır.