Pakistandan Ermənistana SƏRT ÇAĞIRIŞ
16.10.2020
Pakistan Azərbaycanın Gəncə şəhərinin və digər mülki yaşayış mərkəzlərinin atəşə tutulması ilə bağlı son xəbərlərdən olduqca narahatdır və Ermənistanı bu əməllərdən çəkinməyə çağırır.
Pakistanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.
Bildirilib ki, Pakistan Dağlıq Qarabağ bölgəsində cərəyan edən hadisələri yaxından izləyir.
"Gəncə, Tərtər və Bərdə şəhərləri daxil olmaqla Azərbaycanın əsas ərazilərindəki mülki yaşayış mərkəzlərinin atəşə tutulması ilə bağlı son xəbərlər olduqca narahat edicidir.
Pakistan Azərbaycan hökumətinə və xalqına başsağlığını çatdıraraq, Ermənistanı beynəlxalq humanitar hüququ pozaraq günahsız mülki insanlara hücum etməkdən çəkinməyə çağırır. Qardaş Azərbaycan xalqının vətənlərini qorumaq üçün apardıqları qanuni mübarizələrində dəstəyimizi bir daha təsdiqləyirik” deyə bəyanatda qeyd olunub.