Şuşa şəhərindən gətirilən, 1-ci Qarabağ Müharibəsinin şanlı yadigarı olan bu bayraq 20 il əvvəl Masallı rayonunun Xırmandalı kəndinə gətirilib.
Bayraq kənd sakini Əmirəli Yaqubova dostu tərəfindən hədiyyə olunub və onun yaratdığı muzeydə qorunan 800-ə yaxın eksponatlar sırasında ən qürurvericisidir.
Xırmandalı kənd sakini Əmirəli Yaqubov Xırmandalı Kənd Yaradıcılıq Evinin bədii rəhbəridir.
Ə.Yaqubovun yaratdığı muzeydəki fotostendlərdə Böyük Vətən Müharibəsində həyatını itirən, eyni zamanda 1-ci Qarabağ Müharibəsi zamanı şəhid olanlar haqqında məlumatlar və onların medalları var.
Ə.Yaqubovun sözlərinə görə, dostu tərəfindən verilən bu bayrağı Şuşada dalğalandırmaq onun yeganə arzusudur.
Qeyd edək ki, 1992-ci ildə Şuşa şəhəri işğal edilərkən ermənilərin əlinə keçməsin deyə zabitimizin qoruyub saxladığı bu şanlı bayraq indi də çağırışçılar və könüllü olaraq cəbhəyə döyüşməyə gedənlərin ziyarət etdikləri məkandır.