Pakistan Azərbaycanı niyə dəstəkləyir? TARİXİ FAKT
12.10.2020
Azərbaycan və Pakistan arasında öz qloballığı və regional məsələlərin oxşarlığı ilə xarakterizə edilən əlaqələr mövcuddur.
Pakistan 1991-ci ildə Azərbaycanın müstəqilliyini Türkiyə və Rumıniyadan sonra tanıyan üçüncü ölkə olub. Bu ölkə Azərbaycanı hər sahədə müdafiə edir, hətta Ermənistanla Azərbaycan arasında qısamüddətli aprel döyüşlərində də İslamabad rəsmi Bakını müdafiə edən bəyanat səsləndirmişdi.
Üstəlik, Pakistan da eynən Türkiyə kimi, Qarabağ probleminə görə Ermənistanla diplomatik əlaqələrdən imtina edib. Hazırkı döyüşlərdə də Azərbaycana öz dəstəyini açıq şəkildə göstərir.
Bəs Pakistan Azərbaycanı niyə dəstəkləyir? Yəqin ki, bu sual bir çox azərbaycanlını düşündürür.
BAKU.WS olaraq bir çox mənbələrə sığınaraq sözügedən sualın cavabını araşdırmağa çalışdıq. Qardaş ölkə ilə Azərbaycan arasında bu doğmalığın necə başladığını xatırlatmağı borc bilirik.
Bu əlaqələrin əsasının qoyulması Azərbaycan xalqının böyük oğlu, tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin Pakistan xalqına etdiyi yaxşılıq iki ölkə və xalq arasında qardaşlıq münasibəti yaradıb.
Belə ki, XX əsrin əvvəllərində Pakistan ərazisi Britaniya müstəmləkəsi olanda yerli əhali arasında kütləvi pandemiya yayılıb. İnsanlar bu ağır xəstəlikdən kütləvi şəkildə dünyasını dəyişirdi.
Həmin vaxt azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alaraq indiki Pakistan ərazisinə göndərib.
Bununla da pandemiyanın qarşısı alınıb. Qədirbilən Pakistan xalqı 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu faktı tarix dərsliyinə də daxil edib.
"İkisi də müsəlman ölkəsidir”
Hər iki ölkə öz regionunda nüfuz sahibidir və onları birləşdirən dəyərlərdən biri də ikisinin də müsəlman ölkəsi olmasıdır. Xüsusilə, Pakistan ən böyük müsəlman dövlətlərindən biridir.
Ölkə eyni zamanda İslam Əməkdaşlıq Təşkilatında Azərbaycanla birlikdə yer alır.
Heydər Əliyev Fondu 2012-ci ildən sonra Pakistanda humanitar layihələrini genişləndirib. Tam təchizatlı ambulans, qan ehtiyatı, Xeybər Göz Fondu üçün yeni blok və gözləmə otaqlarının, Dərə İsmayıl Xan rayonunda bulağın tikilməsi, Kulsum Beynəlxalq Xəstəxanasında müasir ürək əməliyyatları kabinetinin açılması, Hepatit B virusu ilə mübarizəyə gərəkli avadanlıq və s. belə layihələrdəndir.
Qeyd edək ki, indi də Azərbaycan tərəfdən xeyriyyəçilik ənənələri qorunub saxlanılır. Heydər Əliyev Fondunun xəttilə Pakistanda zəlzələdən zərərçəkmiş məktəblər təmir edilib və bir sıra humanitar aksiyalar həyata keçirilib. Hazırda da dərin tarixi olan dostluq münasibətləri yüksək səviyyədə davam etdirilir.
Son hadisələrin fonunda onların bayrağımıza, dilimizə yüksək hörmət bəsləndiyinin bir daha şahidi olduq. Bunların hamısı əminliklə deməyə əsas verir ki, Azərbaycan-Pakistan strateji tərəfdaşlığı uğurla inkişaf edir, dostluq münasibətləri daha da möhkəmlənir".