Aİ-yə üzv dövlətlər Moskva razılaşmasını müzakirə edəcəklər
12.10.2020
Bu gün Avropa İttifaqı üzv dövlətlərinin xarici əlaqələr qurumlarının rəhbərləri ilə iclasda Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında Moskvada humanitar məqsədlər üçün atəşkəsə dair razılaşma ilə nəticələnən danışıqlar da daxil olmaqla Dağlıq Qarabağdakı münaqişənin müzakirə edilməsi planlaşdırılır.
Bu barədə "Euronews” məlumat verib.
Kanal həmçinin Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Gəncə hadisəsi ilə bağlı sözlərini sitat gətirib: "Bu, erməni siyasi liderləri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım aktıdır. Humanitar məqsədlər üçün atəşkəs elan edən sənəd var. Növbəti gün isə Ermənistan silahlı qüvvələri Gəncədə əhalinin sıx məskunlaşdığı bölgəyə raket hücumu həyata keçirir. Bu, hərbi cinayətdir. Və bu bir daha erməni tərəfinin riyakarlığını nümayiş etdirir”.
Bununla yanaşı Azərbaycan silahlı qüvvələrinin Dağlıq Qarabağdakı təmas xəttinin cənub hissəsindəki bir neçə yaşayış məntəqəsini nəzarəti altına ala bildiyi qeyd olunub.