XİN rəhbəri: “Danışıqlar yalnız Ermənistan və Azərbaycan arasında aparılacaq”
10.10.2020
"Biz nəticə əldə etmək üçün döyüş meydanında da, diplomatik müstəvidə də öz mövqeyimizi ortaya qoyuruq”.
Bunu bu gün cəbhədəki son vəziyyət bağlı keçirilən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, birinci şərt Ermənistan tərəfinin humanitar atəşkəsə razı olmağa məcbur edilməsilə yanaşı, münaqişənin baza prinsiplərinin yenidən təsdiq edilməsidir:
"Atəşkəs təmin edildikdən sonra qısa müddətdə baza prinsipləri üzərində substantiv danışıqların aparılması öhdəliyini öz üzərinə götürdi. Bu, o prinsiplərdir ki, Ermənistan bir il bu prinsipləri qəbul etməkdən imtina etmişdi. Bizim döyüş meydanında əldə etdiyimiz uğurlar onları buna məcbur etdi.
Yadınızdadırsa, Ermənistan məşhur yeddi şərt irəli sürmüşdü. Onlar arasında ən qıcıq doğuran məqam danışıqlar prosesinə qondarma "DGR”-in qoşulması istəyi idi. Lakin bu sənəddə Ermənistan tərəfi məcbur edildi ki, danışıqlar prosesinin formatı dəyişməz qalır.
Bu, o deməkdir ki, danışıqlara üçüncü tərəf qarışa bilməz. Danışıqlar Ermənistan və Azərbaycan arasında aparılacaq. Bu sənəddə bu məqam aydın şəkildə öz əksini tapıb”.