Bu sözləri "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşünün nəticəsini şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, bəyanatda Azərbaycanın işğal altındakı 7 rayonundan söhbət açılmır:
"Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə bəyanatı 4 bənddən ibarətdir. Həmin bəndləri bir daha xatırlayaq:
1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;
2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;
3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;
4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.
Birinci bənd istisna olmaqla (o da qısa müddət üçün keçərlidir), digər üç bəndin yerinə yetirilməsi mümkün deyil. Birinci bəndin özündə də əsirlərin dəyişdirilməsilə bağlı fikir qüsurludur. Biz hərbçilərimizə atəş açan erməni hərbçiləri azad edək ki, onlar geri qayıdıb yenidən bizə atəş açsınlar, şəhərlərimizi bombalasınlar? Əsirlərin dəyişdirilməsi, ümumi məsələ həll olunduqdan, yəni müharibə bitdikdən sonra mümkündür. Bu, bütün müharibələr üçün keçərlidir. Müharibələr bitməmiş əsirlər dəyişdirilməz.
Bəyanatda Azərbaycanın işğal altındakı yeddi rayonundan söhbət açılmır. Bu yoxdursa, bəyanatın digər üç bəndi bizim üçün keçərli deyil. Prezident İlham Əliyevin dediyi kimi, Ermənistan qoşunları Azərbaycan ərazilərini tərk etməyənə qədər danışıqlar mümkün deyil. Prezident açıq deyib ki, Ermənistan hakimiyyəti Azərbaycana qoşunların çıxarılması qrafikini təqdim etməlidir. İrəvan belə bir qrafik hazırlamayıb”.