03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Lənkəranda dərzi bayraq tikərək pulsuz paylayır

08.10.2020

Lənkəran rayonunda fiziki qüsurlu şəxs ordumuzun zəfərlərindən duyğulanaraq bayraq tikir və pulsuz olaraq paylayır.
Vətənpərvər usta ilə görüşüb.

Lənkəranın Kərgəlan kəndində yaşayan usta, dərzi Mehman ordumuzun qələbə xəbərlərindən həvəslənərək, o da bu qələbələrdə onun da əlinin bir zəhməti olsun deyə artıq neçə gündür ki, milli bayraqları öz sexində tikir və onu pulsuz olaraq əhaliyə paylayır.İndi onun dərzi sexinə baş vuracağıq.

Usta Mehmanın dərzi sexi Kərgəlan kəndinin mərkəzindədir. Sakit təbiətli olan bu insanın içindəki Vətən sevgisindən bəlkə də bu günə qədər çoxunun xəbəri olmayıb. Lakin sosial şəbəkədə onun təmənnasız olaraq milli bayraqlar hazırlayıb paylaması xəbəri bir çoxları tərəfindən təqdir edilib. 1964-cü ildə Lənkəran rayonunun Kərgəlan kəndində doğulan Mehman İbrahim oğlu Bayramov 35 ildir ki, kənddə dərziliklə məşğul olur. 3-cü qrup əlil olan Mehman usta Vətənin belə bir günündə hər bir vətəndaşın bacardığı qədər ordumuza, dövlətimizə dayaq olmasının vacibliyini öz əməli ilə nümayiş edir. Mehman ustanın yeganə oğlu da ali təhsil aldıqdan sonra 1 il həqiqi xidmətini başa vurub. Amma torpaqlarımızın düşmən tapdağında olması ilə heç cür barışa bilməyib. Bu səbəbdən də avqust ayının 27-dən ordu sıralarında könüllü olaraq xidmət edir.

Mehman Bayramov oğlunun könüllü olaraq ordu sıralarına yazıldığını deyib: "Ondan sonra mən daha da həvəsə gəldim. Bütün bayraqları pulsuz olaraq tikib, paylayıram. Əlil adamam. Əlimdən bu gəlir. Bunu da edirəm. Mal-material cəhətdən yerli icra nümayəndəliyindən də kömək edirlər. Son hazırladığım 10 ədəd bayrağı da bu gün Fizuli rayonuna yardım aparan xeyriyyə təşkilatına verdim”.

Mehman usta böyük sevgi ilə hazırladığı bayraqların heç olmasa birinin işğaldan azad olunacaq torpaqlarımızda dalğalandırılmasının arzusundadır. Hələliksə bu bayraqlar bir əmanət kimi yaşayış yerlərimizdə başımızın üstündə məğrur-məğrur dalğalanır. O gün də uzaqda deyil.