Hulusi Kılıç:Ermənistan nəticə çıxarmaq əvəzinə quduzlaşır
07.10.2020
Ermənistanın rəhbərliyi hərbi azğınlığı ilə ölkəni məhvə aparır. Azərbaycanın böyük şəhərlərini, dinc əhalini, yaşayış evlərini raket atəşinə tutmaq müharibə cinayətidir. Hərbi meydanda uğursuzluğa düçar olan Ermənistan təcavüzkar siyasətindən nəticə çıxarmaq əvəzinə quduzlaşır. Mülki azərbaycanlı əhalinin hədəf alınması gec-tez erməni əhalisini ayağa qaldıracaq. Nəhayət, ermənilər bir gün başa düşəcəkləri ölkə rəhbərliyinin hərbi-siyasi aqressivliyi onlar üçün hansı riski yaradır.
Bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç müsahibəsində bildirib.
Ermənistan ordusunun Bakı ətrafına, Gəncə, Mingəçevir başda olmaqla iri şəhər mərkəzlərinə, mülki əhalinin sıx olduğu yerlərə, yaşayış binalarına raket atmasını müasir dünyadakı erməni vandalizmi kimi dəyərləndirən H.Kılıç deyib: "Əslində Ermənistan bu vəhşi hücumları ilə BMT-ni, beynəlxalq hüququ hədəfə alıb. Bu terrorçu dövlətin rəhbərliyi hərbi cinayətləri ilə ATƏT-in Minsk qrupu ölkələrinə deyir ki, biz cinayətkarıq”.
Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi Qarabağın azadlığı hərəkatını yüksək dəyərləndirən səfir qeyd edib: "Prezident İlham Əliyevin söylədiyi "Qarabağ Azərbaycandır!” ifadəsi addım-addım həyati gerçəyə çevrilir. Bu haqq işini gerçəkləşdirən qəhrəman Azərbaycan övladlarına uğur arzu edirəm. Şəhidlərimizə Allahdan rəhmət, doğmalarına və bütün xalqımıza başsağlığı verirəm. Başda Ali Baş Komandan İlham Əliyev olmaqla torpaqlarımızın işğaldan azad olunmasında şücaət göstərən hər kəs, bütövlükdə xalqımız öz dəyanəti ilə təkcə Azərbaycanı yox, bütün türk dünyasının gələcəyi üçün böyük bir təhlükə riskini məhv etməyə başlayıb. Azərbaycan zəfər çalacaq. Torpaq və Vətən Ulu Tanrın bizlərə əmanətidir. Haqq və ədalət yolunda olduğumuz üçün bu müqəddəs işdə Allahın lütfü üstümüzdə olacaq”.
Ermənistan tarixin bütün dövrlərində olduğu kimi məkrli məqsədlər daşıdığını diqqətə çatdıran H.Kılıç əminliklə vurğulayıb ki, riyakar düşmənin budəfəki hiyləsi onun öz başına bəla olacaq. Çünki vaxtında bu forpost dövlətə havadarlıq edənlər də ondan beziblər.
Son günlər cəbhə xəttində ağır məğlubiyyətlərə düçar olan düşmən ordusunun mövqelərini qoyub qaçmasını Azərbaycan Silahlı Qüvvələrinin böyük uğuru kimi dəyərləndirən səfir deyib ki, Azərbaycanın rəşadətli Ordusu öz peşəkarlığından, xalqın həmrəyliyindən və Ali Baş Komandanın siyasi iradəsindən güc alır.