Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş barədə kadrları Türkiyənin "Haber Global" kanalı yayımlayıb.
Prezident İlham Əliyev nümayəndə heyətini qəbul edərkən bu səfərin xüsusi önəm daşıdığını vurğulayıb.
Dövlətimizin başçısı deyib: "Siz Azərbaycanda dəfələrlə olmusunuz. Amma Azərbaycan üçün o qədər də asan olmayan bir dönəmdə sizin gəlməyiniz əlbəttə ki, xüsusi önəm daşıyır. Bu, qardaş ölkənin açıq dəstəyinin təzahürüdür. Bu dəstəyə görə Azərbaycan xalqı qardaş Türk xalqına və onun Prezidentinə dərin minnətdarlıq hissi ilə yaşayır”.
Prezident İlham Əliyev qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli bəyanatları bütün dünyaya Azərbaycanın tək olmadığını göstərdi.
"Mənim əziz qardaşım hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilə bu günlərdə təmaslarım onun çox açıq, qətiyyətli bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil. Azərbaycanın yanında Türkiyə kimi dünya miqyasında böyük bir güc olan dövlət var, qardaş ölkə var. Bu dəstək bizi ruhlandırır, bizə əlavə güc verir və eyni zamanda, bölgədə sabitliyin, əmin-amanlığın təmin edilməsi üçün önəmli rol oynayır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.