Ermənistanda ACLIQ başlayır
02.10.2020
Azərbaycanın təmas xəttində əks-hücum əməliyyatlarına başlamasının hələ ilk mərhələsində Ermənistan artıq ərzaq təminatında ciddi problemlərlə üzləşib. Məlumatlara görə, ərzaq məhsullarının əldə olunmasında məhdudiyyətlər, mağazaların bir qisminin fəaliyyətini dayandırması düşmənləri həyəcan təbilini çalmağa məcbur edib. Maraqlı məqam isə sözügedən vəziyyətin sadəcə işğal olunmuş torpaqlarda deyil, həm də Ermənistan ərazisində aktual olmasıdır.
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Baş analitiki Məsumə Talıbova deyib. Məsumə Talıbovanın fikrincə, bu məlumatlar Ermənistanda tezliklə ərzaq böhranının dərinləşəcəyini deməyə əsas verir:
"Cəmi 3 milyona yaxın əhalisi olan dövlətin demək olar ki, dörddə birini (23.3%) yoxsul əhali təşkil edir. Ölkənin 15.3% əhalisinin qida təhlükəsizliyi problemi mövcuddur, 6% əhali isə gündəlik tələbatı olan qidanı əldə edə bilməyərək aclıqla üzləşir”.
Ekspert bildirib ki, Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) verdiyi məlumatlara əsasən, Ermənistanın qida idxalının ölkənin ümumi ixracına nisbəti 24% təşkil edir:
"Bu da ölkə əhalisinin qida təminatının nə dərəcədə idxaldan asılı olduğuna işarədir. Birləşmiş Millətlər Təşkilatının Dünya Qida Proqramının açıqladığı məlumatlara görə, Ermənistan taxıl və taxıl məhsullarının 67%-ni, quş ətinin 78%-ni, ümumi ət məhsullarının ortalama 50%-ni, bitki yağlarının 96%-ni, paxlalı bitkilərin isə 50%-ni idxal edir”.
Ekspertin fikrincə, əsas idxalçıları Rusiya, Ukrayna, Latın Amerikası, Gürcüstan, Afrika, Braziliya, Hindistan olan və xalis qida idxal edən bir ölkə kimi Ermənistanın qida təminatı bir çox faktordan – yerli valyuta məzənnəsi, idxalçılarla olan əməkdaşlıq, xarici ölkələrə çıxış və daşımaların sürətliliyi kimi logistik imkanlardan çox asılı vəziyyətdədir:
"Bu da ölkədə istehlak olunan qida məhsullarının qiymətinin qeyri-stabil olmasına gətirib çıxarır. Yerli məhsulların qiymətlərinin dəyişkənliyi də müxtəlif daxili faktorların qeyri-sabit olmasından asılı olaraq yüksəkdir. Belə ki, Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) "Qida məhsullarının qiymətlərinin volatilliyi” indeksinə görə Ermənistanda yerli məhsulların qiymətlərinin volatillik göstəricisi 12%-ə yaxındır”.
Məsumə Talıbova hesab edir ki, Ermənistanın ərzaq təhlükəsizliyi siyasi sabit dönəmdə bu dərəcədə mənfi olduğu halda, müharibə şəraitində daha da pisləşəcək:
"Yəni müharibə şəraitində həm maliyyə resurslarının hərbi xərclərə yönəldilməsi, həm də siyasi və logistik məhdudiyyətlər ərzaq məhsullarının idxalına da mənfi təsir göstərəcək. Eyni zamanda yerli məhsulların istehsalında iştirak edən əmək qüvvəsinin səfərbər olunması (yaşı 55-ə qədər olan bütün kişilərin döyüşlərə cəlb olunduğunu nəzərə alaraq) ərzaq təhlükəsizliyini aşağı salacaq. Bu da öz növbəsində Ermənistan ordusunun ərzaq təminatına öz mənfi təsirini göstərəcəkdir”.