Artıq 20 min erməni Qarabağı tərk edib
01.10.2020
Azərbaycan Ordusunun üç istiqamətdə apardığı şiddətli döyüşlər Ermənistanda və separatçıların nəzarətində olan ərazilərdə ciddi təşvişə səbəb olub. Ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlardan sonra bu ərazilərdən kütləvi köç prosesinə başlanılıb.
Artıq beş gün ərzində Ermənistana köç edən əhalinin sayı 20 minə çatıb.
Bundan təşvişə düşən Ermənistan hakimiyyəti qaçqınların yerləşdirilməsi üçün bir sıra beynəlxalq humanitar təşkilatlara, xüsusilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına yardım üçün müraciət etsə də, gözlənilən cavabı almayıb. Rəsmi İrəvana donor təşkilatlara müraciət etmək tövsiyə olunub. Bütün bunlar cəmi beş gün davam edən döyüşlərin nəticəsidir.
Ermənistanın "4rd.am” saytı yazır ki, son döyüşlərdə erməni tərəfindən həm canlı, həm də hərbi texnika itkisi həddindən artıq böyük olub. Ermənistan ordusunun mindən çox əsgərinin öldürüldüyünü diqqətə çatdıran sayt işğal altındakı Şuşa hospitalına istinadən qeyd edir ki, bura yüzlərlə yaralı gətirilib. Öldürülənlər arasında əsgərlərlə yanaşı, kiçik və böyük rütbəli zabitlər də var. Avtomobillər, ağır zirehli texnika, artilleriya qurğuları məhv edilib.
Digər erməni xəbər saytları və internet televiziyalarının Xankəndidən hazırladığı reportajda insanların vahimə içərisində olduğu qeyd edilir. Xankəndi sakinləri Qarabağ münaqişəsi zonasında vəziyyət gərginləşdikdən sonra gecəni zirzəmilərdə keçirirlər.
Son iki gündə vəziyyət daha da gərginləşib.
"İravunk” qəzeti erməni əhalisinin təşviş içində olduğunu, evlərini kütləvi şəkildə tərk etdiyini diqqətə çatdırır. Xankəndidən böyük köç başlayıb. Qarabağdakı qondarma rejim əhalinin evlərini tərk etməsinə maneələr yaratmır. Gedənlər postlarda saxlanılmır. Əsgərlər fərarilik edirlər.
Hakimiyyətin və Qarabağ müharibəsi veteranlarının çağırışına baxmayaraq, gənclər orduya getmək istəmirlər. Onlar müxtəlif bəhanələrlə döyüşməkdən imtina edirlər. Yeganə ümid Qarabağ müharibəsi veteranlarınadır. Amma son məlumatlar göstərir ki, heç Qarabağ müharibəsi veteranları da vuruşmaq niyyətində deyillər. Çünki budəfəki döyüşlər əvvəlkindən çox fərqlidir. Bunu itkilər barədə ermənilərin etirafı da təsdiq edir.
Rusiyanın "İzvestiya” qəzetinin Xankəndidəki reportyoru isə yazır ki, buradan ermənilərin kütləvi və kortəbii şəkildə köçürülməsi baş verir, insanları kütləvi şəkildə İrəvana göndərirlər:
"Onları elə birbaşa göndərirlər, heç bilmirlər ki, orada qohumları var, ya yox. Lakin deyirlər ki, onları hökmən orada kimsə qarşılayacaq. Polis yolüstü İrəvana gedən avtomobilləri saxlayır və onlar ailələri maşınlara mindirib tamamilə pulsuz İrəvana aparırlar.
Bu arada Ermənistanda mövcud olan hərbi vəziyyətlə əlaqədar 18-55 yaş arasında kişilərin ölkədən çıxışına məhdudiyyət qoyulub. Ermənistan ordusunun bəzi hərbi qulluqçuları isə buna etiraz olaraq sosial şəbəkələrdə bildiriblər ki, onlar başqasının torpağı uğrunda ölmək istəmirlər”.
Döyüşlərin geniş vüsət alması əhalinin köçü ilə yanaşı rejim ərazisində bütün həyatı da iflic edib. Ermənistanın "Joxovurd” qəzeti yazır ki, cəbhə zonasında davam edən döyüşlərdən qaçan ermənilər atəşin dayandırılmasından sonra da geri qayıtmaq istəmirlər. Bəzi saytlar isə qondarma qurumdakı mənbələrə istinadən bildirirlər ki, onların çox böyük itkiləri var. Hospitallar yaralılarla doludur. Azərbaycan tərəfinin kütləvi şəkildə aviasiya, artilleriya, raket silahları tətbiq etməsi işğal olunmuş ərazilərimizdəki rejimi ciddi şəkildə qorxuya salıb, zərbələrin səhərlə yanaşı axşam da davam etməsi onlar üçün kabusa çevrilib.
Sözsüz, Qarabağdan böyük miqyasda köçün əsas səbəbi düşmənin öz ordusunun yenilməzliyi ilə bağlı apardığı təbliğatın puç olmasıdır. Göründüyü kimi, son hadisələr yerli əhali arasında ciddi ruh düşkünlüyü yaradıb. Azərbaycan ordusunun qələbə yürüşü ermənilərin bu köçünün daha da geniş vüsət alacağına şübhə doğurmur.