Bərdə xəstəxanasında əməliyyat olunan qadın öldü
24.09.2020
Sentyabrın 23-ü saat 17 radələrində Bərdə rayonu, Mustafağalı kənd sakini Ayşən Həsənovanın Bərdə rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Report-a Bərdə Rayon Prokurorluğundan məlumat daxil olub.
Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılan araşdırmalarla müəyyən edilib ki, 1992-ci il təvəllüdlü Ayşən Həsənova qeyd edilən tarixdə yumurtalığın boğulmuş kistası diaqnozu ilə daxil olduğu Bərdə Rayon Mərkəzi Xəstəxanasında kistanın çıxarılması cərrahi əməliyyatı olunduqdan sonra ölüb.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.