Mehriban ƏliyevaUşaq İncəsənət Məktəbinin yeni binasının açılışında
22.09.2020
Sentyabrın 22-də Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin yeni binası istifadəyə verilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.
Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verildi ki, məktəb 1935-ci ildə musiqi cəmiyyətinin nəzdində yaradılıb, 1940-cı ildən 5 nömrəli Uşaq Musiqi Məktəbi kimi, 1988-ci ildən isə 3 nömrəli Uşaq İncəsənət Məktəbi kimi fəaliyyət göstərməyə başlayıb.
Bildirildi ki, məktəbin ikimərtəbəli binası qəzalı vəziyyətdə olduğundan Heydər Əliyev Fondu tərəfindən yeni bina inşa edilib. Yeni bina 3 mərtəbədən, 25 sinif otağından, rəqs, rəsm otaqlarından, akt zalından, kitabxana, müəllimlər otağı və yeməkxanadan ibarətdir. Məktəbdə hazırda 17 ixtisas üzrə 493 şagird təhsil alır. Bu ixtisaslar üzrə 110 müəllim fəaliyyət göstərir. Uşaq İncəsənət Məktəbində rəqs və rəsm dərsləri qrup şəklində, digər ixtisaslar fərdi tədris olunur.
İndiyədək məktəbin 35-dən çox şagirdi beynəlxalq müsabiqələr üzrə laureat adına layiq görülüb, 70-ə yaxın şagird isə respublika müsabiqələrində yüksək yerlər tutub. Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin bir sıra tanınmış məzunları da var.
Qeyd edək ki, bu gün Azərbaycanda təhsil və mədəniyyətin inkişafı istiqamətində mühüm addımlar atılır, elm və mədəniyyət xadimlərinə xüsusi diqqət göstərilir. Heydər Əliyev Fondu bu işə önəmli töhfələr verir. Ölkəmizə tanınmış incəsənət xadimləri bəxş etmiş Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbi üçün ən müasir standartlara cavab verən yeni binanın inşası da Fondun bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.