Hansı qadınlar 57 yaşda pensiyaya çıxa bilər? - RƏSMİ
21.09.2020
Azərbaycanda fərdi uçot sistemində qeydiyyatda olan qadınların pensiya təyinatı avtomatlaşdırılmış qaydada həyata keçirilir.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşı Ayxan Məcidov "Pensiya təyinatı və hesablanma qaydaları"na həsr olunan canlı bağlantıda deyib.
Onun sözlərinə görə, 62 yaşı tamam olan qadın fərdi uçot sistemində qeydiyyatdadırsa, onun 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək 1 ay olsa belə, stajı varsa, ona avtomatlaşdırılmış qaydada pensiya təyinatı həyata keçiriləcək:
"Bu hal olmadıqda isə vətəndaş əgər 2006-cı ilə qədər 25 il stajının olduğunu bilirsə, pensiya təyinatı üçün DSMF və ya DOST Mərkəzlərinə müraciət edə bilər. Əgər şəxsin 25 il stajı varsa, o, pensiyaya çıxmaq imkanından yararlanacaq".
A.Məcidov əlavə edib ki, əgər qadının 5 uşağı varsa, o, pensiya hüququnu 5 il tez əldə edə bilər:
"Əgər bu gün qadınlar üçün pensiyaya görə yaş həddi 62 yaşdırsa, 5 övladı olduqda onun üçün yaş həddi 57-ə enir. 6 övladı olduqda isə qadın pensiya hüququnu 6 il, 7 övladı olduqda 7 il tez əldə edir”.
A.Məcidov qeyd edib ki, 62 yaşına çatan qadın ötən müddətdə heç bir zaman işləməyibsə, ona əmək pensiyası təyinatı həyata keçirilməyəcək. Amma belə qadınlar yaşı 62-ə çatdığı zaman sosial müavinətlə təmin oluna bilərlər.