Qida Təhlükəsizliyi İnstitutu yeni layihəsinə start verib
17.09.2020
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) yeni layihəyə start verib. Layihə çərçivəsində hər həftə AQTİ-nin sosial şəbəkə hesabları vasitəsilə institutun fəaliyyət istiqamətləri, vəzifələri, eyni zamanda, sağlam qidalanma ilə bağlı istehlakçıları maraqlandıran suallara cavab veriləcək. Layihənin həyata keçirilməsində məqsəd istehlakçıların qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, sağlam qidalanmaya dair məlumatlandırılması, həmçinin AQTİ-nin fəaliyyət istiqamətləri barədə məlumatların daha geniş auditoriyaya çatdırılmasından ibarətdir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən verilən məlumata görə, yeni layihə çərçivəsində bu dəfə institutun laboratoriyalarında bal və arıçılıq məhsullarının hansı göstəricilər üzrə müayinə edildiyinə aydınlıq gətirilib.
AQTİ-nin laboratoriyalarında Kodeks Alimentarius Komissiyasının tələblərinə uyğun olaraq, bal və digər arıçılıq məhsullarının bütün keyfiyyət və təhlükəsizlik göstəriciləri, o cümlədən diastazanın, hidroksimetilfurfurolun, elektrik keçiriciliyinin, karbohidratların fraksiyalarının (saxaroza, fruktoza, qlükoza) təyini, habelə bakterioloji göstəricilər, pestisid və antibiotiklərin qalığı, radionuklidlərin və ağır metalların müəyyənləşdirilməsi müayinələrinin həyata keçirilməsi izləyicilərin diqqətinə çatdırılıb.