İmtahan nəticələri ilə bağlı Apelyasiya komissiyası təşkil olunacaq
17.09.2020
XI sinif şagirdləri üçün sentyabrın 10-da keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə bağlı Apelyasiya komissiyası fəaliyyət göstərəcək. Komissiyaya müraciət etmək istəyənlər sentyabrın 17-18-də Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Mərkəzdən bildirilib ki, göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur. Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagirdlərlə yanaşı, valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.