Fransada son sutkada koronavirusa 10 min yoluxma olub
11.09.2020
Fransada COVID-19 infeksiyasına gündəlik yoluxmada antirekord qeydə alınıb - 10 minə yaxın yoluxma faktı.
Bu haqda Fransa Səhiyyə İdarəsi (DGS) məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində SARS-CoV-2 virusuna 9 843 yeni yoluxma qeydə alınıb. Son sutka ərzində xəstəxanalara 5096 koronavirus xəstəsi daxil olub. Reanimasiya şöbələrində 615 ağır vəziyyətdə olan xəstə var.
COVID-19 epidemiyası başlayandan ölkədə, 20 338-i xəstəxanalarda, 10 475-i qocalar evlərində olmaqla, ümumilikdə 30 813 ölüm faktı qeydə alınıb. Epidemiya başlayandan xəstəxanalara daxil olan 114 528 koronavirus xəstəsindən 88 742-si sağalıb. Ölkənin bir çox şəhərlərində yerli karantin tətbiq ediləcəyi ehtimal olunur.
Bu gün ölkədəki sanitar vəziyyətlə, eləcə də qarşıdan gələn həftə virusa qarşı tətbiq olunacaq qaydaların müəyyən edilməsi ilə bağlı müdafiə şurasının iclası gözlənilir.
"Düşünürəm ki, tələbkar, realist olmaqda qalmalıyıq, heç bir panikaya, güzəştə getməməliyik”, - deyə Prezident E. Makron bildirib.
Ölkədə səhiyyə üzrə mütəxəssislər sentyabrın 6-dan epidemiyanın ikinci dalğasının başlaması ilə bağlı narahatlıqlarını ifadə ediblər.