Gürcüstanın xarici dövlət borcu artır
11.09.2020
Gürcüstanda dövlət büdcəsinin kəsirini bağlamaq üçün beynəlxalq maliyyə institutları Gürcüstana çox böyük köməkliklər göstərib. Amma bu yardımlar Gürcüstanın xarici dövlət borcunun artmasına səbəb olub.
Bu sözləri Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava deyib.
O bildirib ki, Gürcüstan hökuməti cari ildə dövlət büdcəsinin kəsirini bağlamaq üçün beynəlxalq maliyyə institutlarından 1,5 milyard dollar yardım alıb.
Nazir deyib: "Koronavirus pandemiyası nəticəsində Gürcüstan iqtisadiyyatının bütün sahələri ciddi zərər görüb. Cari ilin yanvar-iyul ayları ərzində ölkənin xarici ticarət dövriyyəsi azalaraq 6 milyard dollardan bir qədər artıq olub. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz azdır”.
N.Turnava qeyd edib ki, böhran hökuməti prioritetlərinə yenidən baxmağa məcbur edib və hökumət idxalı azaltmaq üçün yeni kənd təsərrüfatına yardım proqramını hazırlayıb. Bu proqramda torpaq sahibi olan fermer təsərrüfatlarına yardım nəzərdə tutulub. Proqram ölkə əhalisini kənd təsərrüfatı məhsulları ilə təmin etmək baxımından mühüm əhəmiyyət kəsb edir.
"Biz təbii ki, ixrac potensialını da artırmağı nəzərdə tuturuq. Amma bunun üçün kənd təsərrüfatının sənayeləşməsinə ehtiyac var”, – deyə nazir vurğulayıb.