Milli Məclisin Sədri Türkiyə naziri ilə görüşüb
11.09.2020
Türkiyədə səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Ticarət naziri Ruhsar Pekcan ilə görüşüb.
APA-nın xəbərinə görə, bu barədə Ruhsar Pekcan özünün "Twitter" səhifəsində yazıb.
Nazir bildirib ki, görüşdə mövcud əməkdaşlıq, görüləcək işlər, sahibkarlıq fəaliyyətinə dəstək üzrə atılacaq addımlar müzakirə olunub.
Qeyd edək ki, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Türkiyəyə ilk rəsmi səfəri dünən başlayıb.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Sevil Mikayılova, Fazil Mustafa, Elşən Musayev, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Səfər çərçivəsində Milli Məclisin Sədrinin bu gün TBMM sədri cənab Mustafa Şentop ilə təkbətək və nümayəndə heyətilə birgə geniştərkibli görüşü nəzərdə tutulub.
Günün sonunda nümayəndə heyəti İstanbula yola düşəcək.
Səfər sentyabrın 12-nə kimi davam edəcək.