ADPU-nun rektoru Türkiyənin Ali Təhsil Şurasının eksperti seçilib
08.09.2020
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Türkiyənin Ali Təhsil Şurasının xarici qiymətləndiricisi (ekspert) seçilib.
ADPU-dan bildirilib ki, Türkiyədə ali təhsildə keyfiyyət təminatından məsul yeganə dövlət qurumu olan Ali Təhsil Şurasının fəaliyyət strategiyası ali təhsildə keyfiyyət təminatı sisteminin qurulması, ali təhsil müəssisələrində bu sistemin inkişafına dəstək verilməsi, keyfiyyət mədəniyyətinin yayılmasının təşviqi və maraqlı tərəflər arasında əməkdaşlıq edərək əlaqələrin qurulmasında körpü rolunu oynamaqdır.
Türkiyənin Ali Təhsil Şurası müxtəlif ölkələrdən olan keyfiyyət təminatı sahəsində təcrübəli təhsil işçilərinin bilik və təcrübə mübadiləsi çərçivəsində bir platformada fəaliyyətini təmin edir. On üç üzvü olan qurum ali təhsil müəssisələrində təlim-tədris və tədqiqat fəaliyyətləri, eləcə də inzibati xidmətlərinin keyfiyyət səviyyələrinin milli və beynəlxalq keyfiyyət standartlarına uyğun qiymətləndirilməsini, daxili və xarici keyfiyyət təminatı, akkreditasiya prosesləri və müstəqil xarici qiymətləndirmə qurumlarının inkişaf etdirilməsi proseslərini həyata keçirir.
Qurum ali təhsildə keyfiyyət qurumu olaraq, nəinki Türkiyə ali təhsil müəssisələrinin təhsil keyfiyyətini artırmaq, eləcə də əməkdaşlıq etdiyi ölkələrin ali təhsil sistemləri ilə birgə məsafədən təhsilin nüfuz qazandığı bu dinamik prosesdə keyfiyyət təminatını inkişaf etdirməyə xidmət edir.
Müxtəlif ölkələrdən təcrübəli təhsil işçilərinin xarici ekspert qismində iştirakı keyfiyyət təminatı sahəsində bilik və təcrübələrin paylaşılmasına, yeni əlaqələrin qurulmasına, təhsil və xarici qiymətləndirmə fəaliyyətlərinin daha da gücləndirilməsinə öz töhfəsini verəcək.