Rayona gedənlərə XƏBƏRDARLIQ
07.09.2020
Daxili İşlər Nazirliyi Bakıya giriş-çıxışa sərbəst icazə verildikdən sonra kütləvi sərnişindaşımaya necə nəzarət olunması ilə bağlı məsələyə aydınlıq gətirib.
DİN Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev "qafqazinfo”ya açıqlamasında bildirib ki, qeyri-qanuni sərnişindaşımaya statsionar postlarda və inzibati ərazilərin daxilində nəzarət olunacaq:
"Avtobuslarla qanunsuz sərnişin daşınması məsələsi ilə bağlı bildirirəm ki, bizim rayonlararası yollarda kifayət qədər stasionar postlarımız var.
Yəni şərt deyil ki, konkret karantin postunda sərnişindaşımaya nəzarət olunsun. Bildiyiniz kimi, sərnişin nəqliyyatının, yəni avtobus və mikroavtobusların hərəkətinə yalnız avtovağzallardan icazə verilir.
Hər bir avtovağzal da hansısa rayon, yaxud şəhərin daxilindədir, onlara da nəzarət bilavasitə daxildə edilməlidir.
Amma ola bilsin ki, hansısa sürücünün ətraf qəsəbələrdən, yaxud ayrı-ayrı məhəllələrdən sərnişin götürüb qeyri-qanuni daşıma ilə məşğul olduğu aşkarlanarsa, həmin şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacaqlar. Vətəndaşlar taksilərin fəaliyyətindən istifadə edə bilərlər.
Avtobusların hərəkəti ilə bağlı isə ola bilər ki, yaxın vaxtlarda bu məsələyə yenidən baxılsın və ölkədəki sanitar-epidemioloji vəziyyətdən asılı olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müvafiq qərar qəbul edilsin.
Hər halda hər şey vətəndaşlarımızın pandemiya dövründə infeksiyanın yayılmasının qarşısının alınması üçün tələb edilən qaydalara, yəni tibbi maskaların istifadə, ara məsafəsinin qorunması kimi çətin olmayan, lakin çox vacib prosedurların nə dərəcədə yerinə yetirilməsindən asılıdır.
Hər kəs ən azından özünü qoruya bilsə, yoluxmanın sayı azalar və qüvvədə olan digər məhdudiyyətlər də tezliklə götürülər”.