Böyük marağa səbəb olan layihə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Turizm Agentliyi və "Bakı Abadlıq Xidməti" MMC-nin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.
Balaxanıda fotosessiyaya gələn insanlar izdihama səbəb olub. Kadrlardan da göründüyü kimi insanlar foto çəkdirmək üçün bir-biri ilə yarışıb.
Xatırladaq ki, Balaxanı tarixi-mədəni abidələrlə zəngindir.
Burada turizm yönümlü sahibkarlığın, xüsusilə sənətkarlıq üzrə xalçaçılıq, dulusçuluq, milli geyimlərin hazırlanması, xidmət sektorunda kiçik iaşə obyektlərinin, hostellərin yaradılması, ticarət üzrə suvenir, keramik qablar, xalça, musiqi alətləri, şirniyyat satışı və s. sahələri təşviq etmək üçün imkanlar mövcuddur.
Qeyd edək ki, Balaxanı qəsəbəsindən sonra yeni turizm marşrutu digər kənd və qəsəbələrdə də təşkil olunacaq.
Memarlıq üzrə elmlər doktoru, professor Elçin Əliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, Balaxanı yeni turizm ideyası "Bakı Abadlıq Xidməti" şirkətinin rəhbərliyinin ideyasıdır.
"Bu, çox uğurlu layihə oldu. Bakı kəndlərinin ən çirkli qəsəbəsindən start götürüldü. Hazırda biz 8 kənd istiqamətində yeni layihə üzərində işləyirik. Mərdəkan, Novxanı, Əmircan, Buzovna, Ramana və s. Bu kəndlər də turizm məkanına çevriləcək”, - deyə Elçin Əliyev bildirib.
İdeya nədən ibarətdir?
Elçin Əliyev vurğulayıb ki, əsas məqsəd yaşayış səviyyəsi aşağı olan ərazilərdə insanlar üçün gözəl şərait yaratmaqdır:
Birinci növbədə biz memarlıq abidələrini müəyyən edirik. Bu abidələr arasında 2-3 saatlıq turizm marşrutları fikirləşirik.
Turizm marşrutları istiqamətində yolları təmizləyirik, asfaltlayırıq, səkilərə fasadlar vururuq. Təbii ki, birinci növbədə kanalizasiya xətləri səliqəyə salınır, yenidən çəkilir. Evlərin damları düzəldilir. Layihələrin çoxu bərpa ilə bağlıdır. Katolik kilsəsi, Pravoslav kilsəsi və s. tarixi abidələrdə təmir-bərpa işləri aparılır.
Görülən bütün işlər insanların yaxşı yaşamasına xidmət edir. Layihə hazır olanda vətəndaşlar rahat, təmiz şəraitdə yaşayırlar. Yollar düzəlir, insan evindən çıxanda gül-çiçək, səliqəli olur”.