Ərdoğan: Hədəfimiz 10 ən böyük dövlətdən birinə çevrilməkdir
05.09.2020
Dünyada uzun zamandır hakim olan siyasi, iqtisadi status hərtərəfli sarsılmaqdadır. Bütün ölkələr və cəmiyyətlər üçün yeni bir dövrün ayaq səsləri getdikcə daha yüksəkdən eşidilir. Yeni dövrdə Türkiyəni layiq olduğu yerə çıxarmaqda qərarlıyıq.
Bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulun Göztəpə rayonunda şəhərin dördüncü ən böyük tibb müəssisəsi olan Professor Süleyman Yalçın Şəhər Xəstəxanasının açılış mərasimində bildirib.
Dünyanın siyasi, iqtisadi, sosial baxımdan böyük çətinliklərlə üzləşdiyi indiki dövrdə Türkiyənin inkişaf istiqamətində böyük addımlar atdığını deyən Prezident hazırda hədəfin Türkiyəni dünyanın 10 ən böyük dövlətindən birinə çevirmək olduğunu vurğulayıb.
Dövlət başçısı Türkiyədə digər sahələrlə yanaşı, səhiyyənin gücləndirilməsi istiqamətində atılan addımların COVID-19 pandemiyası dövründə özünü daha çox büruzə verdiyini vurğulayıb. Qeyd edib ki, pandemiya dövründə Türkiyə ərazisində ümumilikdə 16 tibb müəssisəsi istifadəyə verilib.