Rusiyanın informasiya agentliyi Ermənistana yeni silahlar göndərdiyini təsdiqlədi
04.09.2020
Rusiyanın ermənipərəst mövqeyi ilə fərqlənən "Regnum” informasiya agentliyi 4 sentyabr tarixli "Dağlıq Qarabağın yeni ümidləri” adlı məqaləsində Rusiya tərəfindən Ermənistana yeni silahlar göndərildiyini təsdiq edib.
Ənənəsinə uyğun olaraq Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, mahiyyəti və nizamlanması ilə əlaqədar real faktları ən kobud şəkildə təhrif etməkdən çəkinməyən agentlik 2020-ci ilin iyul ayında Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribatı ilə başlayan döyüşlərin həqiqi səbəblərini tamamilə yanlış və açıq qərəzli şəkildə təqdim etməyi də unutmayıb. Diqqəti çəkən məqam ondan ibarətdir ki, sözügedən agentlik iyul döyüşlərindən sonrakı vəziyyəti "Bakının Ermənistana yeni Rusiya silahlarının göndərilməsinə sərt və acıqlı reaksiyası” kimi qiymətləndirməklə, əslində iyul döyüşlərinin ardınca Rusiyanın təcavüzkar Ermənistanı silahlandırdığını təsdiq edib.