“Facebook”, “Amazon”, “Twitter” və “Google” ETIRAZ EDIR
03.09.2020
ABŞ-ın bir sıra texnologiya kompaniyaları Rabitə üzrə Federal Komissiyaya ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimləməsi barədə petisiyanı rədd etməsi tələbi ilə müraciət edib.
Reuters informasiya agentliyi xəbər verir ki, "Facebook”, "Amazon”, "Twitter” və "Google” kompaniyaları ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrin fəaliyyətinin tənzimləməsi barədə tələbinin qanuni əsasının olmadığı və şəxsi maraqlara xidmət etdiyi barədə Rabitə üzrə Federal Komissiyaya müraciət ünvanlayıb.
"Sosial şəbəkələrin fəaliyyətinə nəzarət üzrə yeni qaydaların tətbiqi onları dələduzluq sxemləri və digər yolverilməz kontent növləri ilə mübarizədə hüquqi müdafiədən məhrum edə bilər”, - deyə agentlik vurğulayır.
Qeyd edək ki, Donald Tramp cari ilin may ayında ölkədə sosial şəbəkələrin fəaliyyətinin nizamlanmasına dair fərman imzalayıb. Prezidentin fikrincə, sosial şəbəkələr bu fərmana qədər istədiyini edə bilərdi. ABŞ lideri bundan öncə "mühafizəkarların səsini boğmağa davam etsələr” sosial şəbəkələrin fəaliyyətinin sərt nizamlanacağı barədə hədələr səsləndirmişdi. Bu bəyanat onun "Twitter” sosial şəbəkəsindəki qeydlərindən birinin yanlış ola biləcəyi və əlavə yoxlamaya ehtiyac duyulduğu barədə xüsusi xəbərdarlıqla işarələnməsindən sonra verilmişdi.