Hikmət Hacıyev beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb
28.08.2020
Avqustun 28-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət göstərən 25 QHT-nin sədri ilə görüş keçirib. Bu barədə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İctimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib.
Görüşü giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə dolğun və səmərəli şəkildə çatdırılması, milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin təbliği, Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq platformalarda ifşa olunması müvafiq dövlət qurumları ilə yanaşı, QHT sektoru üçün də prioritet məsələdir. Buna görə də şura daim QHT-lərin bu istiqamətdə olan təşəbbüs və layihələrini dəstəkləyir. O, inandığını bildirib ki, Prezidentin köməkçisi - Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bugünkü görüşü beynəlxalq əməkdaşlıq sahəsində çalışan QHT-lərin fəaliyyətini daha da stimullaşdıracaq.
Prezidentin köməkçisi Hikmət Hacıyev dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qətiyyətli və milli maraqlarımızı əsas tutan siyasət apardığını bildirib. O vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində ölkəmiz beynəlxalq aləmdə ciddi nüfuza malik olan ölkəyə çevrilib. Hazırda dünyanın 120 ölkəsinin üzv olduğu Qoşulmama Hərəkatına Prezident İlham Əliyevin sədrlik etməsi beynəlxalq aləmin ölkəmizə göstərdiyi yüksək etimadın növbəti təzahürüdür.
Hikmət Hacıyev Prezidentin rəhbərliyi ilə Azərbaycanın hücum diplomatiyası siyasəti yürütdüyünü və bütün önəmli beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini müdafiə etdiyini deyib.
Prezidentin köməkçisi bugünkü görüşün əhəmiyyətinə toxunaraq QHT rəhbərlərini dinləmək, onların beynəlxalq əməkdaşlıq istiqamətində fikir və ideyaları, həmçinin layihə təklifləri ilə yaxından tanış olmaq istədiyini bildirib.
Görüşdə Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İsgəndərli, "Bakı Şəbəkəsi" araşdırmalar və təhlil İctimai Birliyinin sədri Elxan Ələsgərov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının İdarə Heyətinin üzvü Nərgiz Eyvazova, Beynəlxalq Dialoq və İnkişaf Alyansı İctimai Birliyinin sədri Nüşabə Məmmədova, İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Əhməd Əlili, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyinin sədri Şəlalə Həsənova, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin sədri Səbuhi Abbasov, Gənclər üçün Təhsil Mərkəzinin sədri Fəxrəddin Həsənzadə, "Misra” informasiya mübadiləsi və təşəbbüsləri İctimai Birliyinin sədri Fuad Abbasov, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov, Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov, "Azərbaycandakı Rus İcması” İctimai Birliyinin üzvü Anastasiya Lavrina, "Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi" İctimai Birliyinin sədri Fuad Hüseynzadə, "Sağlam Düşüncə" Gənclər Təşkilatı İctimai Birliyinin təsisçisi Ramiz Əliyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov, "Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev, "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva, İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı, "Üçüncü Sektor" İctimai Birliyinin icraçı direktoru Toğrul Allahverdili, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Məryəmxanım Tağıyeva-Zeynalova, "Gəncliyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyinin sədri Qurban Kərimbəyli, Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri Yeganə Hacıyeva, "Avropa Gənclər Parlamenti - Azərbaycan" İctimai Birliyinin sədri Rəfail Ağayev və Qərbi Azərbaycan İctimai Birliyi Gənclər Təşkilatının sədri Günay Vəlizadə iştirak ediblər.
Çıxış edən QHT rəhbərləri QHT-lərlə başlanılan dialoqa və bugünkü görüşə görə Hikmət Hacıyevə təşəkkürlərini bildiriblər. QHT rəhbərləri fəaliyyət göstərdikləri sahə ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov görüşdə çıxış edərək fondun beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirdiyi layihələr və gələcək prioritet istiqamətlər haqqında ətraflı məlumat verib.
Yekunda çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev QHT-lərin beynəlxalq əməkdaşlığının gücləndirilməsinin vacibliyini qeyd edib və əsaslandırılmış təkliflərin nəzərə alınacağını bildirib.
Qeyd edək ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin QHT-lərlə görüşü davam edəcək.