Nazir müavini tələbələrlə görüş keçirib
28.08.2020
Təhsil nazirinin müavini Firudin Qurbanov ali məktəblərdə təhsil alan tələbələrlə onlayn görüş keçirib.
Təhsil Nazirliyindən bildiriblər ki, görüşdə ali təhsil müəssisələrində Tələbə Həmkarlar və Tələbə Gənclər Təşkilatlarının sədrləri, həmçinin Prezident təqaüdü ilə təltif olunmuş tələbələr iştirak ediblər.
Nazir müavini F.Qurbanov pandemiya və postpandemiya dövründə ali təhsil müəssisələri qarşısında duran vəzifələr, yeni dərs ilinə hazırlıqla bağlı tədrisin təşkilinə dair görülən işlərdən, bu sahə üzrə dünya təcrübəsindən, mövcud şəraitdə məsafədən tədrisin təşkilinin əhəmiyyətindən, qarşıda duran yeni çağırışlardan və onların həlli yollarından danışıb.
F.Qurbanov qeyd edib ki, pandemiyanın təsirlərini minimuma endirmək məqsədilə ölkə rəhbərliyi tərəfindən vaxtında və çevik qərarların qəbul edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi ölkəmizdə pandemiyanın geniş yayılmasının qarşısını alıb. Azərbaycanda təhsilin fasiləsizliyinin təmin edilməsi istiqamətində çevik tədbirlər planlaşdırılıb və həyata keçirilib.
Nazir müavini müasir texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə əmək bazarında yeni peşələrin yarandığını və ali təhsil müəssisələrində kadr hazırlığının müasir dövrün çağırışlarına və əmək bazarının tələblərinə uyğun həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Görüşdə, həmçinin ölkə rəhbərliyi tərəfindən qəbul olunmuş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın yeni nəsil mütəxəssislərin hazırlanmasında və Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsində əhəmiyyəti xüsusi vurğulanıb. Pandemiya və postpandemiya dövründə gənclərin rolu, bilikləri, araşdırma qabiliyyətlərinin artması və müxtəlif sahələrdə qlobal fəaliyyətə gənclərin cəlb edilməsi əsas məqsədlərdən biri kimi qeyd olunub.
Sonra tələbələri maraqlandıran suallarla bağlı geniş fikir mübadiləsi aparılıb. Tələbələr ötən dərs ilində pandemiya şəraitində tədrisin məsafədən təşkili təcrübəsinə əsaslanaraq yeni tədris ilinə hazırlıq məqsədilə fikirlərini bölüşüb və təkliflər səsləndiriblər.
Firudin Qurbanov tələbələrə yeni tədris ilində uğurlar arzulayıb.