BDYPİ paytaxtdan rayonlara getməyə cəhd göstərənlərə müraciət edib
28.08.2020
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi paytaxtdan rayonlara getməyə cəhd göstərən hərəkət iştirakçılarına müraciət edib.
İdarədən bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Salyan rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar həmin inzibati ərazilərə giriş-çıxış yalnız müvafiq ezamiyyə vərəqələri və ya "icaze.e-gov.az” portalına daxil edilmiş məlumatlar əsasında həyata keçirildiyindən son vaxtlar, xüsusilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayan və işləyən şəxslərin kütləvi şəkildə məhz həftəsonu respublikanın ayrı-ayrı bölgələrinə ezamiyyətə getmələri müşahidə olunur.
Verilən icazədən sui-istifadə hallarının qarşısının alınması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarının nəzərinə bir daha çatdırır ki, həftənin şənbə və bazar günləri fəaliyyət göstərməyən xidmət sahələrində çalışan işçilərə müvafiq ezamiyyə vərəqələrinin verilməsinə və ya "icaze.e-gov.az” portalına bu haqda məlumatların daxil edilməsinə baxmayaraq, həmin şəxslər ezam olunduqları ərazilərə həftəsonu gedəcəkləri təqdirdə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi inzibati ərazilərin sərhədlərində yerləşən xüsusi karantin postlarından buraxılmayacaqlar.