Üç gündə 200 hektar ərazi yanaraq kül olub
26.08.2020
Türkiyənin Adana vilayətinin Kozan rayonunda avqustun 23-də üç fərqli yerdə başlayaraq üç gün davam edən yanğın nəticəsində 280 futbol arenası boyda, təxminən 200 hektar meşəlik və kənd təsərrüfatı ərazisi yanaraq kül olub.
Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli əraziyə keçirdiyi baxış zamanı ehtimalların yanğının qəsdən törədildiyi istiqamətində olduğunu bildirib. Hazırda hadisə ilə bağlı üç nəfər saxlanılıb.
Kozan rayonunda başlayan yanğın ərazidə əsən küləyin təsiri ilə ətrafdakı Çamlarca, Minnetli, Karahamzalı, Çürüklü, Boztahta, Karabucak, Acaryayla kəndlərinə yayılıb.
Hadisə zamanı bölgədə yaşayan 900-dən çox insan təxliyə edilib, 12 ev müxtəlif dərəcəli zərər çəkib, çox sayda heyvan tələf olub.
Yanğının söndürülməsinə 2 xüsusi təyyarə, 19 helikopter, 170 yanğınsöndürən maşın və 830 nəfərlik canlı qüvvə cəlb olunub.