“Sərt karantin rejimini artıq aradan qaldırmaq lazımdır”
25.08.2020
Bu barədə Millət vəkili Fazil Mustafa bildirib.
Deputatın fikrincə rayonlara gediş-gəlişi bərpa etmək də vacib məsələlərdəndir.
"Yalnız insanlara nəzarət gücləndirilməildir. Qapalı məkanlarda sosial məsafə gözlənilməklə, gigiyenik normalara əməl etməklə, restoranların, kafelərin də açılmasına icazə verilməlidir.
Çünki əhalinin iqtisadi cəhətdən yoxsullaşması, iş adamlarının müflis olması dövlətə daha böyük zərbə vurur. Məsuliyyətli insanlar yenə də qorunacaqlar.
Məsuliyyətsiz insan onsuz da ”qaydalara əməl et" deyəndə narazı qalır. Ona görə biz daha çox məsuliyyətli insanların marağını təmin edərək addım atmalıyıq.
Fikrimcə, bütün sahələrdə iş yerləri açılmalıdır. Məktəblərin də müvafiq qaydalarla açılmasını təmin etmək lazımdır. Onsuz da yoluxma riski yalnız özünü qorumaqdan asılı deyil.
Müşahidələr də göstərdi ki, hətta çox sayda adamlar bir yerə yığışdığı zaman yoluxma sayı o qədər də artmadı", - deyə F.Mustafa bildirib.
F.Mustafa futbol oyunlarının yenidən bərpa edilməsini təqdirəlayiq addım kimi qiymətləndirib:
"Bütün idman yarışlarını bərpa etmək lazımdır. Məncə, artıq qaydalara riayət etməyi insanların öz üzərinə buraxmaq lazımdır.
Əməl edənlər etsinlər, etməyənlər də özləri öz əziyyətlərini çəksinlər. Digər tərəfdən yas və toy mərasimlərini də tənzimləmək lazımdır. 30-40 nəfəri keçməmək şərti ilə toylar keçirilsin.
Bir nəfərdən də artıq müğənni çağırılmasın. Yəni bir şənlik formasında keçirilsin. Yas mərasimlərini də eyni qaydada, 30 nəfərdən artıq insanın yığılmasına imkan verilməsin, eyni zamanda sosial məsafə gözlənilsin. İnsanları bu formada hədsiz məhdudiyyətlə qapamaq olmaz”.