Saatlının yeni İcra başçısı kimdir? - DOSYE
24.08.2020
Elmir Məmməd oğlu Bağırov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Prezidentin sərəncamı ilə İcra Hakimiyyətinin başçısı təyin olunan Elmir Bağırov kimdir?
Elmir Məmməd oğlu Bağırov 03.04.1980-ci ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olub. 1986-cı ildə orta məktəbə getmiş, 1997-ci ildə Elşad Ağayev adına Hişkədərə kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir.
1997-ci ildə 495 bal toplayaraq ən yüksək balla Bakı Dövlət Universitetinin sosial elmlər fakultəsinin politologiya ixtisasına daxil olmuşdur. 2001-ci ildə bu ixtisasın bakalavr pilləsini bitirirək, həmin ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakultəsinin "dünya siyasi prosesləri və beynəlxalq münasibətlərin nəzəriyyəsi” ixtisası üzrə magistraturaya daxil olmuşdur.
2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əyani doktoranturasına daxil olmuş, 2006-cı ildə bitirmişdir. 2008-ci ildə Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilovun elmi rəhbərliyi ilə "Xəzər regionunda Azərbaycanın milli mənafeyinin prioritet istiqamətləri” adlı doktorluq dissertasiyasını müdafiə edərək, respublikada ən gənc "siyasi elmlər üzrə fəlsəfə doktoru” elmi adı almışdır.
2004-cü ildən Heydər Əliyev Fondunun "azerbaijan.az” layihəsinin koordinatoru olmuş, 2005-ci ildə Heydər Əliyev Fondunun Humanitar Proqramlar Departamentinin aparıcı mütəxəssisi vəzifəsindən 2014-cü ildə Humanitar Proqramlar Departamentinin rəisi vəzifəsinədək yüksəlmişdir.
2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Kompleksi İdarəsinin aparat rəhbəri, 20 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Fərmanından sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin aparat rəhbəri vəzifəsində çalışırdı.
Siyasi elmlər üzrə fəlsəfə doktoru Elmir Bağırov 2009-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasın "siyasi idarəetmə və politologiya” kafedrasında müəllim və 2012-ci ildən "beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasında baş müəllim vəzifələrində çalışmışdır.
2017-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosentidir. 10-dan artıq Beynəlxalq elmi konfransların iştirakçısı və məruzəcisi olmuş, 24 elmi məqaləsi respublika və xarici elmi jurnallarda nəşr olunuşdur.
Evlidir, 2 övladı var.