Ceyhun Bayramov Çavuşoğluna zəng etdi
22.08.2020
Bu ilin 22 avqust tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğluna telefon zəngi edib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Ceyhun Bayramov Türkiyənin Qara dənizdə zəngin qaz yatağını kəşf etməsi münasibətilə səmimi təbriklərini həmkarının diqqətinə çatdırıb.
Dünya enerji bazarında etibarlı tranzit ölkəsi kimi tanınan Türkiyənin bundan sonra mühüm enerji istehsalçısı kimi çıxış edəcəyi və beləliklə də bölgədə enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verəcəyi vurğulanıb.
Türkiyənin tarixindəki ən böyük təbii qaz kəşfinin Türkiyə dövlətinin və xalqının rifahı və tərəqqisinə xidmət edəcəyindən əminlik ifadə olunub.
Nazirlər iki dost və qardaş ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin səmərəli şəkildə inkişafının bundan sonra da davam etdiriləcəyini qeyd ediblər.