Türkiyənin 7 kompaniyası dünyanın ilk 100-lüyündə
17.08.2020
ABŞ-ın "Defense News” nəşri dünyanın ən iri 100 silah istehsalçısının növbəti reytinqini dərc edib.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, siyahıya Türkiyənin ASELSAN, TUSAŞ, BMC, ROKETSAN, STM, FNSS və HAVELSAN kompaniyaları daxil olub.
ASELSAN reytinqdə 52-ci yerdə qərarlaşıb. 2006-cı ildə Türkiyə silah sənayesinin flaqmanı 93-cü mövqedə idi. 2019-cu ildə kompaniyanın dövriyyəsi ötən illə müqayisədə 21 faiz artaraq 2,172 milyard dollara çatıb.
Kompaniya dövlət sifarişləri ilə yanaşı, öz məhsulunu xarici bazara da çıxarır. ASELSAN eyni zamanda, mülki sektora da daxil olub. Onun fəaliyyət sahəsini əlaqə və informasiya texnologiyaları, mikroelektronika, radar və hərbi elektron sistemləri, müdafiə, nəqliyyat, təhlükəsizlik və energetika texnologiyaları əhatə edir.
Məhsullarını "Boeing”, "Airbus”, "Lockheed Martin”, "Leonardo”, "Northrop Grumman və Bombardier” kimi beynəlxalq kompaniyalara satan TUSAŞ kompaniyası siyahıda 16 pillə irəliləyərək 53-cü yerdə qərarlaşıb. Kompaniyanın dövriyyəsi 1,858 milyard dollara çatıb.
Bundan başqa yük maşınları, avtobuslar və zirehli maşınlar istehsal edən BMC kompaniyası 89-cu, ROKETSAN kompaniyası 91-ci, STM kompaniyası isə 92-ci sıranı tutub.
Həmçinin Türkiyənin HAVELSAN və hərbi texnika istehsalçısı FNSS kompaniyaları ilk dəfə reytinqə daxil olub.