21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Metsamor” AES real fəlakət mənbəyidir

12.08.2020


İstismar müddəti çoxdan başa çatan, artıq qəzalı vəziyyətdə olduğu üçün dəfələrlə işi dayandırılan Ermənistanın "Metsamor” Atom Elektrik Stansiyasının (AES) regiona yaratdığı böyük təhlükə yenidən gündəmə gəlib.

Avqustun 12-də Türkiyə vaxtı ilə saat 2.29-da İqdırda baş verən Rixter cədvəli üzrə 4.4 bal gücündə zəlzələ qardaş Türkiyədə böyük təşviş yaradıb. Əhalini təşvişə salan bu yeraltı təkan haqlı olaraq belə bir sual yaradıb: "Bölgədə daha güclü zəlzələ baş versə "Metsamor” AES” region ölkələrinə nə vəd edir?” Nüfuzlu "Yeşil İqdır” qəzetinin baş redaktoru, tanınmış türkiyəli publisisti Cabbar Şıktaşın açıqlaması "Zəlzələdən yox, "Metsamor”dan qorxun!” sərlövhəsi ilə yayılıb. Baş redaktorun məsələ ilə bağlı fikir və mülahizələri həyəcan təbilidir. Müəllif yazır ki, Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin olmaması bu problemin unudulmasına səbəb olmamalıdır. Burada böyük bir məsuliyyət var. Beynəlxalq hüquq və dünyada ekoloji təhlükəsizliyin qorunması şərtləri "Metsamor”un fəaliyyətinin dərhal dayandırılmasını tələb edir.

Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, avqustun 12-də İqdırda baş vermiş zəlzələ ətraf bölgələrdə də hiss olunub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi faktı təsdiqləyib. Bildirilir ki, ocağı 2 kilometr dərinlikdə yerləşən zəlzələ Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda 3 bala qədər hiss olunub. Bu zəlzələ "Metsamor”un yerləşdiyi ərazidə daha çox hiss olunub.

Təəssüf ki, Ermənistan hökuməti regiondakı qonşuları ilə daha şəffaf olmaq üçün siyasi niyyət və iradəsini nümayiş etdirmək, həmçinin AES-in təhlükəsizliyinə dair narahatlıqlarla bağlı daha açıq mövqe tutmaq əvəzinə bu məsələ ilə bağlı olduqca məsuliyyətsiz bir davranış sərgiləyir. Belə təəssürat yaranır ki, "Metsamor” Ermənistan hakimiyyətinin əlində şantaj vasitəsidir.

Azərbaycan tərəfi dəfələrlə "Metsamor” AES-in qlobal təhlükə mənbəyi olması barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik qarşısında (AEBA), eləcə də bəşəriyyətin nüvə təhlükəsizliyi ilə bağlı beynəlxalq konfranslarda və Zirvə toplantılarında məsələ qaldırıb. Mütəxəssislər hesab edirlər ki, "Metsamor” məhz istismar müddəti bitdiyi və eləcə də olduqca köhnə avadanlıqlarla fəaliyyət göstərdiyi üçün atmosferi normadan dəfələrlə artıq çirkləndirir. Qonşu ölkələr radiasiyadan böyük zərər çəkir. Bundan başqa, Ermənistan tərəfi "Metsamor”un nüvə tullantılarını Azərbaycanın işğal olunmuş ərazilərində basdırır.

Türkiyə Böyük Millət Məclisinin deputatları ötən il "Metsamor” AES-nin qonşu ölkələrə mənfi təsirinin araşdırılması ilə bağlı məsələ qaldırıblar. Bu problemin həlli məqsədilə konkret addımların atılması tələb olunub. Deputatlar "Metsamor” AES-in Çernobıl qədər təhlükəli olmasını qeyd ediblər.

Qeyd edək ki, "Metsamor” AES 1976-cı ildə istismara buraxılıb və Türkiyənin Ermənistanla şərq sərhədindən 16 kilometr aralıda yerləşir. Son aylar Anadolunın mərkəzi seysmoloji xəttində gərginliyin artması "Metsamor”u real fəlakət mənbəyinə çevirib.