Seyidmələk Mehdizadə təqdim edir: Qəbul edə bilməmək və ya etməmək
10.08.2020
Günümüzdə problemlərin çoxu məhz qəbul edə bilməməklə bağlı yaranır. Nədənsə özümüz bunu bacarmaqda çətinlik çəksək də, bəzən, digərlərindən bizi olduğumuz kimi qəbul etmələrini və yaxud hadisələrlə barışmaqlarını tələb edirik.
Təbii ki, qəbul etməyi öyrənmək üçün zaman lazımdır. Bunun üçün özünüzə zaman verə bilərsiniz. Bəzən həyatda baş verən hadisələrin qarşısında edə biləcəyimiz yeganə şey sadəcə qəbul etməkdir. Çünki, insan nə qədər idarə etməyə meyilli olsa da, hər zaman hadisələri qabaqlaya və idarə edə bilmir.
Ola bilər ki, yaxın ətrafınızda diaqnozu olan insan var, ailənizdə yaxın birini itirmiş ola bilərsiniz , valideynlərinizin verdiyi qərarlar və s. biz bu olanları qəbul etdikcə, sonradan olanlara qarşı daha adekvat davrana bilirik. Diaqnozu olan insanla münasibətdə olarkən, öncə onun diaqnozunu qəbul etməli, daha sonra isə özünü sevməliyik. O halda münasibəti daha uğurlu davam etdirə bilərik. Bu yalnız hadisələr və digər insanları qəbul etməklə əlaqəli deyil, hətta özümüzə olan münasibətimizlə də əlaqədardır. Belə ki, biz özümüzlə münasibətimizi düzəltmək istəyiriksə öncə özümüzü olduğumuz kimi qəbul etməliyik.
Psixoterapevt Karl Rocers qeyd edir ki, "İnsan özünü qəbul etdikcə dəyişməyə başlayır.”. Bu sonradan digərləri ilə olan münasibətə də təsir edir. Özünü olduğu kimi sevən və qəbul edən şəxs digərlərini də olduğu kimi qəbul edə və sevə bilir.
Seyidmələk Mehdizadə,
psixoloq